Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsi Türkologiya kafedrası nəzdində “Türkoloji araşdırmalar” ETL-də görkəmli türkoloq alim, şair və ictimai xadim professor Bəkir Çobanzadənin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbirdə Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – laboratoriya müdiri professor Ramiz Əskər, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazov, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları - laboratoriya müdiri dosent Nəzakət Hüseynova və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova, “Dədə Qorqud” ETL-in əməkdaşları - laboratoriya müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva və Rəna Cavadova, İngilis dili kafedrasının (təbiət fakültələri üzrə) müəllimi İlham Əliyev, Tələbə Elmi Cəmiyyətinin üzvləri - Zəhraxanım Rəhimova və Mühəmmədəli Ağayev iştirak ediblər.
Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramovun moderatorluğu ilə keçirilən seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədli görkəmli türkoloq Bəkir Çobanzadənin Azərbaycanda elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən, Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanmasında rolundan, onun mükəmməl alim və ziyalı kimi yetişməsində Türkiyə və Avropa mühitinin təsirindən, dilimizin və ədəbiyyatımızın tədqiqinə həsr olunmuş əsərlərindən söz açıb, böyük mütəfəkkirin zəngin irsinin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
“Türkoloji araşdırmalar” ETL-in müdiri Ramiz Əskər Bəkir Çobanzadənin keşməkeşli ömür yolundan, türkçülük ideyalarının inkişaf etdirilməsi və türk dünyasının birliyi uğrunda parlaq zəkası və iti qələmi ilə apardığı mübarizədən, Azərbaycanın türkoloji mərkəzə çevrilməsində gördüyü əvəzsiz işlərdən danışıb, ədəbi irsində də milli-ideoloji düşüncənin təbliğ etməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Bəkir Çobanzadə türk dünyasının dahiləri - M.Kaşğarlı, Ə.Nəvai və Mirzə Kazımbəydən sonra türkoloji dilçilik sahəsində ən tanınmış alimlərdən biridir.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi Pərvin Eyvazov Bəkir Çobanzadənin Azərbaycan dilçiliyinin əsasını qoymasından, onun türk dillərinin tarixi və müasir problemlərinə həsr olunmuş əsərlərindən, Azərbaycan filologiyasının inkişafına verdiyi misilsiz töhfələrdən söz açıb. Bildirib ki, B.Çobanzadə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından biri olub, elmi-pedaqoji fəaliyyəti dövründə yazdığı 150 əsərdən 100-nü Azərbaycan dili və ədəbiyyatının müxtəlif problemlərinə həsr edib. “Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar dialektolojisi”, “Türk qrameri”, “Krım-tatar elmi-sərfi” və s. kitabların, eləcə də yüzlərlə elmi və elmi-publisistik məqalənin müəllifi olan alim 1937-ci ildə bir sıra görkəmli ziyalılarımız kimi, əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunub, bununla da, onun həyata keçirdiyi işlər yarımçıq qalıb. Azərbaycan filologiyasının M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı, Ə.Dəmirçizadə, F.Qasımzadə, M.Hüseynzadə, M.C.Cəfərov kimi görkəmli nümayəndələri B.Çobanzadənin yetirmələri olub.
Elmi seminarda filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov Bəkir Çobanzadənin yeni əlifba uğrunda mübarizəsi, Tələbə Elmi Cəmiyyətinin üzvləri – Mühəmmədəli Ağayev Bəkir Çobanzadənin türk dillərinin təsnifi və Zəhraxanım Rəhimova görkəmli alimin Birinci Türkoloji qurultaydakı fəaliyyəti ilə bağlı çıxışlar ediblər.
Elmi seminar görkəmli alimin həyatı və fəaliyyətinə həsr olunmuş müzakirələrlə yekunlaşıb.