“Bədii tərcümədə orijinallıq” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Bədii tərcümədə orijinallıq (üslub və müəlliflik)” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriya əməkdaşları ilə yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları - dosent Mətanət Həsənova və böyük laborant Aygün Zəkiyeva iştirak ediblər.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova giriş sözü ilə çıxış edərək, mövzunun aktuallığını və elmi yeniliyini dəyərləndirdikdən sonra sözü məruzəçiyə verib.
Mövzu ilə bağlı məruzə edən Samirə Məmmədova bədii tərcümədə orijinala sadiqlik məsələsiylə bağlı üslub və müəlliflik müstəvisində izahat verib. Qeyd edib ki, əsərin orijinaldan tərcüməsində yalnız məzmun və dil materialının adekvatlığı kifayət deyildir. Bədii tərcümədə bədii mətni hiss etmək ən vacib məsələlərdən biridir. Mövcud problemlə bağlı üzərində dayanılacaq əsas prinsiplər – şəffaflıq, dəqiqlik və bütövlükdür.
Elmi seminarda mövzu ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.