BDU-nun nəzdində “Gənc İstedadlar” liseyində interaktiv dərs keçirilib
“BDU könüllüləri” təşkilatı Filologiya fakültəsi könüllülərinin təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc İstedadlar” liseyində interaktiv dərs baş tutub.
Dərsin məqsədi şagirdlərin ədəbiyyata marağını, tənqidi təfəkkürünü, yaradıcılıq yönümlü düşüncə tərzini artırmaq olub.
Təşkilatın Filologiya fakültəsi üzrə sədri Ayşə Quluzadə özünü təqdim edərək dərsi açıq elan edib. Sonra şagirdlər özlərini təqdim edərək, könüllülərə maraqlı məlumatlar təqdim ediblər.
Dərsin interaktiv hissəsində könüllülər S.S Axundovun “Qaraca qız” hekayəsini şagirdlərə nağıl edərək hekayədəki obrazlar barədə suallar ünvanlayıblar. Şagirdlər əsərdəki bütün obrazların fərdi xüsusiyyətlərini analiz edərək müqayisə aparıblar və müxtəlif yanaşmalarla fikirlərini bölüşüblər.
Daha sonra könüllülər şagirdləri üç komandaya bölərək mövzu ilə bağlı tapşırıq veriblər. “Fədakar dostluq”, “Ulduzlar” və “Əjdahalar” adlanan bu komandalar hər üçü yüksək nəticə göstərərək qalib olub.