BDU-nun filoloqları V Respublika pedaqoji oxularında
21 iyun 2022-ci il tarixində “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda humanist pedaqogika üzrə IV Respublika pedaqoji oxuları keçirilib. Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası və Bakı şəhəri 201 nömrəli tam orta məktəb tərəfindən təşkil edilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Humanist Pedaqogika Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirə moderatorluq edən Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov pedaqoji oxuların əhəmiyyətindən danışıb, humanist pedaqogikanın əsas prinsipləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev cəmiyyətdə müəllimin rolundan, bu peşənin özəlliklərindən bəhs edib. Müəllim sənətinin çətin, eyni zamanda, şərəfli peşə olduğunu deyən nazir gənc nəslin savadlı yetişməsində təhsil işçilərinin əməyini xüsusi vurğulayıb və pedaqoji oxuların təhsil işçiləri üçün səmərəli olacağına əminliyini bildirib.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və digər qonaqlar ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, tətbiq olunan yeniliklərdən, humanist pedaqogikanın mahiyyətindən, gələcək sağlam nəslin yetişməsində və formalaşmasında fədakar müəllim əməyindən söz açıblar.
Tədbirə onlayn qoşulan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili Azərbaycanda bu cür tədbirin keçirilməsindən məmnunluğunu bildirib, bu prosesin təhsil işçilərinin fəaliyyətində mühüm rol oynayacağını söyləyib. Şalva Amonaşvili mövzu ilə bağlı məruzə edib.
Tədbirin plenar iclasında BDU-nun Filologiya fakültəsinin I kurs magistrantı Bəsti Səttarova “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir” adlı məruzə ilə çıxış edib. O, müəllimin şagirdlərinin hər biri ilə, eləcə də şagirdlərin bir-biri ilə ünsiyyətində vahid işgüzar-psixoloji mühit, qarşılıqlı hörmət və sevgi ahəngi - sinif komandası yaratmağı bacarmalı, bu komandada hər bir şagirdin həm intellektual səviyyəsini, həm də insani keyfiyyətlərini inkişaf etdirmək üçün səy göstərməli olduğunu qeyd edib.
Tədbirin növbəti mərhələsində pedaqoji laboratoriyalar təşkil edilib. BDU-nun Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, Humanist pedaqogika cəngavəri Mətanət Abdullayeva “Həyat yolunu nurlandıran müəllim” adlı laboratoriyaya başçılıq edib. “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər” fikri ilə çıxışa başlayan professor Mətanət Abdullayeva müəllim şəxsiyyətinin bütöv olması üçün akademik biliklərlə bərabər sevgi ilə şagirdlərə yanaşmalı və şagirdlərə bilik verməklə yanaşı, onların daxili dünyasına nüfuz etməyi bacarmalı olduğundan söhbət açıb. Tarixin böyük mütəfəkkirlərindən - Aristoteldən və Nizamidən sitatlar gətirən professor, ağlın can ilə birləşib bütöv şəxiyyət yaratdığını, insan qəlbinin öyrənilməsinin təbiət elmlərinin öyrənilməsindən daha üstün olduğunu vurğulayıb. Volfqanq Pauli, Karl Qustav Yunqun araşdırmalarından və sinxronluq nəzəriyyəsində bədənlə ruhun, maddi və mənəvi aləmin vəhdətdə öyrənilməli olduğundan danışıb.
Pedaqoji laboratoriyada BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Sunay Qasımzadə “Tədrisin məqsədi harmonik mütəxəssis deyil, harmonik şəxsiyyət yetişdirməkdir” adlı məruzə ilə çıxış edib. Məruzədə şagirdlərin sevgi müstəvisində formalaşmalı, harmonik, ahəngdar insan olmağa can atmalı olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.