BDU-nun filoloqları “AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfransda iştirak ediblər
Neftçala rayonunun dilçi alimlərinin təşəbbüsü və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfrans keçirilib. Mövcud pandemiya şəraiti ilə əlaqədar “Zoom” platforması üzərindən təşkil olunan elmi konfransda respublikamızın tanınmış ziyalıları və elm adamları iştirak ediblər.
Azərbaycandan və xaricdən 20-yə yaxın dilçi alimin məruzə ilə qatıldığı konfransın plenar iclasında Pekin Xarici Dillər Universitetinin professoru Liu Zhaonun “Dede Korkut'tan Geriye İleriye Bakışla: Koşaçın Tarihi”, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin müdiri professor Sevinc Əliyevanın “Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi” və professor Hamlet İsaxanlının “Dilin fəlsəfi aspektlərinə baxış” adlı məruzələri dinlənilib.
Konfransın bölmə iclaslarında BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva “XVII əsrin dil mənzərəsində türkizmlərin leksik-semantik tale müxtəlifliyi”, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azərbaycan dilində alınma psixologiya terminlərinin mənimsənilməsi”, Pərvin Eyvazov “Azərbaycan dilçiliyinin yaranması və inkişafında professor Bəkir Çobanzadənin rolu”, Filologiya fakültəsinin tələbəsi, TEC-in sədri Fidan Hüseynova “Müasir Azərbaycan dilində durğu işarələri problemi” adlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri - Ramil Bayramov və Pərvin Eyvazov konfransın elmi şurasının üzvü olmaqla yanaşı, bölmə iclaslarına moderatorluq da ediblər.
Sonda təmsilçilərimizə təşkilat komitəsi adından sertifikatlar təqdim olunub.