BDU-nun Filologiya və Tarix fakültələrinin təşkilatçılığı ilə “Azərbaycanın ictimai həyatında gənclərin rolu” mövzusunda tədbir keçirilib
2 aprel 2021-ci il tarixində BDU-nun Filologiya və Tarix fakültələrinin təşkilatçılığı ilə “Azərbaycanın ictimai həyatında gənclərin rolu” mövzusunda onlayn tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirə hər iki fakültənin professor-müəllim heyəti və tələbələri, tanınmış ziyalılar daxil olmaqla ümumilikdə 280 nəfər qatılıb.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək, Azərbaycan gəncliyinin inkişafında Ulu öndər Heydər Əliyevin rolundan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb.
Ümummilli liderin ölkəmizin taleyində böyük tarixi dönüş yaratmasından bəhs edən YAP Veteranlar Şurasının üzvü İsgəndər Quliyev bildirib ki, 90-cı illərin əvvələrində Azərbaycan öz müstəqilliyini əldə etsə də, həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün strukturlarında boşluq yaşanırdı. Bundan istifadə edən erməni silahlı qüvvələri hücüm edərək ölkəmizin ərazisinin 20%-ə qədərini işğal edib. Natiq həmin dövrdə Naxçıvan MR-nın Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyevin xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtmasından və dövlətimizi yox olmaq təhlükəsindən xilas etməsindən söz açıb, dövlətimizin parçalanmasının və beynəlxalq aləmdən təcrid olunmasının qarşısının alınmasındakı tarixi xidmətlərini diqqətə çatdırıb. Həmçinin bu gün qalib gənclik kimi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edən müzəffər ordumuzdan və qalib Ali Baş Komandanın misilsiz fəaliyyətindən danışıb.
Daha sonra çıxış edənlər - Millət vəkili Elnur Allahverdiyev, BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov və BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Rəhiməxanım Əlipənahova dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, Ulu öndər Heydər Əliyevin gəncliyin inkişafındakı müstəsna xidmətlərindən və onun şəxsiyyətinin gənclər üçün örnək olmasından, cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.