BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dillər və xalqlar” adlı tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirin moderatoru, Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılovun giriş sözündən sonra söz məruzəçilərə verilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov bu əlamətdar günün əhəmiyyətindən, dünya dilləri ilə bağlı aparılan statistik araşdırmalardan, inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların həyata keçirdikləri dil siyasətindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin ünsiyyət coğrafiyasından və ona göstərilən dövlət qayğısından danışıb.
Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli tədbirin Filologiya fakültəsi ilə birgə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycanda şərq dillərinin öyrənilməsi sahəsində görülən işlərdən, xüsusilə BDU-da tədris olunan şərq dillərindən və bu istiqamətdə qarşıda dayanan vəzifələrdən söz açıb.
Sonra Filologiya fakültəsinin tələbələri Dilarə Rzayeva fransız, İnci Vəliyeva alman, Esmira Muxtarova rus dillərinin, Şərqşünaslıq fakültəsinin tələbələri Elnarə Həsənova ivrit, İmran Sayılov ərəb, Leyla Əhmədova koreya, Familə Mirzəyeva urdu, Nazim Mənsimov fars, Gülsiya Hümmətova türk, Şəms Əzimova yapon dillərinin ünsiyyət arealı, mövcud vəziyyəti, digər dillərə təsiri və qrammatik özəllikləri haqqında ətraflı məlumat veriblər.
Sonda Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək, məruzələrdə qeyd olunan maraqlı məqamlara toxunub, Azərbaycan dilinin saflığının qorunması istiqamətində Bakı Dövlət Universitetində görüləcək işlərdən bəhs edib və ana dili məsələsində gəncləri həssas olmağa çağırıb.