BDU-nun Filologiya fakültəsinin tələbəsi “Azərbaycan 500 ASAN Startap Proqramı”nın 27 qalibindən biri olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbir zamanı “Azərbaycan 500 ASAN Startap Proqramı”nın gedişatı ilə bağlı məlumat verilərək, bu proqramın reallaşması ilə ölkəmizdə 10 prototip mərhələsində olan startap layihəsinin yaradılması və onların qlobal şəbəkə ilə əlaqələndirilməsinin təmin olunduğu qeyd olunub. Həmçinin ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafının əhəmiyyəti və bu istiqamətdə Dövlət Agentliyinin rolu barədə danışılıb.
Sonra “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatlar təqdim olunub.
Komandalardan birinin - QMS komandasının üzvü olan BDU-nun Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə III kurs, 121-ci qrup tələbəsi Esmira Muxtarova bu proqramı uğurla tamamlayanlar sırasında yer alıb. Belə ki, tələbəmiz “Azərbaycan 500 ASAN Startap Proqramı”nın 27 qalibindən biri olub.
Məlumat üçün bildirək ki, 5 fevral 2021-ci il tarixindən start verilmiş “Azərbaycan 500 ASAN Startap Proqramı”ına qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin mərhələni uğurla başa vuran 53 iştirakçıdan ibarət 18 komanda yaradılıb. Sonrakı mərhələdə 10 komanda (27 iştirakçı) seçilərək proqramın qalan mərhələlərində iştirak edib. Proqramın icrası “500 Startups” şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb.
Proqram müddətində iştirakçılar “Startap quruculuğu və komanda formalaşması”, “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli mövzularda bir sıra təlimlər və sessiyalarda iştirak edib.
Sentyabrın 9-da proqramın “Showcase” mərhələsi keçirilib və komandalar startaplarını investorlara təqdim edib.
Tələbəmizi ürəkdən təbrik edir, ona uğurlar arzlayırıq!