BDU-nun Filologiya fakültəsində “YUNESKO-da qeyri-maddi mədəni irsimiz” adlı elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “YUNESKO-da qeyri-maddi mədəni irsimiz” adlı onlayn elmi seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətlərindən söz açıb, bu istiqamətdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının gördüyü işlərə toxunub.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova ölkəmizdən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış qeyri-maddi mədəni irs nümunələrindən, eləcə də “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” adlı məruzəsində xalçaçılıq sənətinin dünəni və bu günündən, ornamentlərdən geniş şəkildə bəhs edib.
Seminarda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları: professor Nizami Xəlilov “Azərbaycan aşıq yaradıcılığının təşəkkülündən”, dosent Kəmalə İslamzadə “Azərbaycanın kollektiv rəqsi – yallı”, dissertant Gülnar Axundova “Qarabağ atı ilə oynanılan çövkən oyunu”, kafedranın magistrantı Gülyaz Hümmətova “Kəlağayı sənəti” adlı məruzələrlə çıxış ediblər.
Filologiya fakültəsinin II kurs tələbəsi Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə tələbələrdən Qönçə Balayeva Yel çərşənbəsi haqqında məlumat verib, Qorqud Məmmədlinin ifasında saz havaları səsləndirilib, həmçinin seminarın mövzusu ilə bağlı müxtəlif təqdimatlar və reportajlar göstərilib. Tədbiri tam izləmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.youtube.com/watch?v=eiBq1MPlIiE