BDU-nun Filologiya fakültəsində Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub
BDU-nun Filologiya fakültəsində “Qiraət” klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov giriş sözü ilə çıxış edərək, erməni vandalizminin tarixindən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, xüsusilə Xocalı soyqırımının pərdəarxası məqamlarından, bu qanlı aksiyaya hüquqi-siyasi qiymətin verilməsi və onun dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində görülən mühüm işlərdən söz açıb, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Sonra Filologiya fakültəsinin tələbələri - Səyahət Məhərrəmova və Gülnarə Quliyeva Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirib, Lumu İspəndiyarzadə və Ayşən Heybətli vətənpərvərlik mövzsunda mahnılar ifa edib, Ülviyyə Orucova, Qəzənfər Məmmədov, Mulazim Muradov, Gülsüm Xəlilzadə və Məhəmmədəli Ağayevin ifasında səhnəcik təqdim olunub.
Cahan Salmanovanın aparıcılığı ilə keçən tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.