BDU-nun Filologiya fakültəsində “XIX əsr Qarabağ mühiti: Xurşidbanu Natəvan” adlı elmi seminar keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “XIX əsr Qarabağ mühiti: Xurşidbanu Natəvan” adlı elmi seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Məmmədova iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, qədim köklərə söykənən Qarabağ ədəbi-mədəni mühitindən, XIX əsrdə Qarabağ ziyalılarının həyata keçirdikləri müstəsna işlərdən, həmin dövrün ədəbi proseslərinin ədəbiyyatımızın sonrakı inkişaf mərhələsinə təsirindən söz açıb.
“Xurşidbanu Natəvan poeziyasında tendensiya” adlı məruzə ilə çıxış edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Həsənova Xurşidbanu Natəvanın həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verib, şairin dövrümüzə qədər gəlib çatmış şeirlərindəki məzmun və forma vəhdətinin əsas məqamlarından bəhs edib, doğma yurduna bağlı olan Natəvanın Qarabağın abadlaşdırılması üçün gördüyü işləri diqqətə çatdırıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova İlyas Əfəndiyevin tarixi səpkidə yazdığı əsərlərdən söz açaraq, yazıçının “Xurşidbanu Natəvan” pyesində oxuculara çatdırmaq istədiyi incə mətləblərdən danışıb. Bildirib ki, “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılmasına baxmayaraq, müasir həyatımızla səsləşən qiymətli əsərdir. Məhz buna görə də pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, yüksək qiymətləndirilib.
Tədbirin bədii hissəsində Filologiya fakültəsinin tələbələri Xurşidbanu Natəvanın şeirlərini səsləndirib və onun sözlərinə yazılmış mahnılar ifa ediblər. Mədinə Hüseynzadə “Könlümü”, Cahan Salmanova “Ölürəm”, Ülviyyə Orucova “Gülün”, Aytən Şamilova “Tərkin” qəzəllərini səsləndirib, Zöhrə Quliyeva “Qoyubdur intizarda”, Lumu İspəndiyarzadə sözləri Xurşidbanu Natəvana məxsus “Getdi yar, gəlmədi, aldatdı məni” mahnılarını, Tarix fakültəsinin IV kurs tələbəsi Səbinə Cəlilova isə qanun alətində ifa edib.
Sonda kafedranın əməkdaşları - professor Vaqif Sultanlı, professor Sənan İbrahimov, Sevinc Abbasova, Sürəyya Sultanova məruzə və çıxışları yüksək qiymətləndirib, bu cür seminarların davamlı olmasının vacibliyini bildiriblər.