BDU-nun Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi seminar keçirilib
Dekabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və folklor” mövzusunda onlayn elmi seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova B.Vahabzadə yaradıcılığında milli-mənəvi dəyərlərdən, böyük şairin ədəbi-bədii fikrimizin zənginləşməsində rolundan, folklor motivli əsərlərindən söz açıb.
Seminarda kafedranın magistrantları - Türkan Cəfərli “B.Vahabzadə poeziyasında milli-mənəvi dəyərlərin təcəssümü”, Gülyaz Hümmətzadə “B.Vahabzadə poemalarında folklorun təcəssümü” və Sürəyya Bayramova “B.Vahabzadə yaradıcılığında mərasim folkloru” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, əsərləri ilə ümumxalq sevgisi qazanmış görkəmli söz ustası öz yaradıcılığını Azərbaycanın şifahi xalq ədəbiyyatından, ətirli vətən torpağından, ruhunu isə xalqın ürəyindən qopan doğma dilimizdən almış, xalqımızın əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin, folklorumuzun yaşayaraq gələcək nəsillərə çatdırılması istiqamətində yorulmadan yazıb-yaratmışdır.
Sonra məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında müzakirələr aparılıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları – professor Nizami Xəlilov, dosentlər Etibar Talıblı və Məhəmməd Məmmədov, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Həqiqət Abdıyeva və Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev B.Vahabzadə poeziyasının bənzərsizliyindən, xalq ədəbiyyatından qaynaqlanan əsərlərindən, ana dilimizin saflığının qorunması uğrunda apardığı gərgin mübarizədən, alim və müəllim kimi fəaliyyətindən danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.
Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə magistrantların çıxışlarını yüksək qiymətləndirib, gənclərin elmi fəaliyyətə cəlb olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Kafedranın dissertantı Gülnar Axundovanın moderatorluğu ilə keçən tədbirdə B.Vahabzadənin həyat və fəaliyyətindən bəhs olunan videoçarx nümayiş etdirilib, III kurs tələbəsi Aysel Seyidovanın ifasında şairin “Sən getdin” şeiri və sözlərinə bəstələnmiş “Gecələr bulaq başı” mahnısı səsləndirilib.