BDU-nun Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Əlifba, əlifbaların tarixi və türk dünyasında istifadə edilən əlifbalar: məqsəd, problemlər, həll yolları” adlı elmi seminar keçirilib. ABŞ-ın Miçiqan Dövlət Universitetinin professoru Timur Kocaoğlunun məruzəçi olduğu elmi seminarda fakültənin professor-müəllim heyəti və tələbələri, o cümlədən Türkiyə, Özbəkistan və Macarıstandan qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli məruzəçinin elmi yaradıcılığı və seminarın mövzusunun aktuallığı ilə bağlı iştirakçıları məlumatlandırıb.
Sonra söz professor Timur Kocaoğluna verilib. Alim dünya xalqlarının tarixən istifadə etdiyi ilk əlifbalardan söz açıb. O qeyd edib ki, dünyada mövcud olan əlifbalar qədim şumer əlifbasından törəyib və heç bir əlifba orijinal hesab edilib konkret hansısa xalqın və millətin adı ilə bağlanmamalıdır. Həmçinin T.Kocaoğlu türk əlifbalarının tarixi və müasir problemləri haqqında da geniş məlumat verib.
Daha sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. BDU-nun Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov və başqaları məruzə ilə bağlı fikirlərini bölüşüb, alimə fəaliyyətində uğurlar arzulayıblar.
Sonda məruzəçiyə Filologiya fakültəsinin dekanı adından təşəkkürnamə təqdim olunub.