BDU-nun Filologiya fakültəsində “Türk xalqlarında Novruz adətləri” adlı beynəlxalq konfrans keçirilib
Martın 26-da BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Türkoloji” dərnəyin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Türk xalqlarında Novruz adətləri” adlı beynəlxalq virtual konfrans keçirilib. “Zoom” platforması üzərindən təşkil olunmuş tədbirə türkdilli dövlətlərin tanınmış türkoloq alimləri və gənc tədqiqatçıları qatılıb.
“Türkoloji” dərnəyin rəhbəri Zülfiyə Ağayevanın moderatorluğu ilə keçirilən konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edib, Azərbaycan xalqının bu günə qədər yaşatdığı zəngin Novruz adətlərindən danışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın işğaldan azad edilmiş rayonlara bayram günlərində səfərindən və Şuşada, Cıdır düzündə bayram tonqalının alovlandırılmasından söz açan A.Fərəcov Novruzun türk xalqlarının həyatındakı yerinə toxunaraq konfransın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra söz məruzəçilərə verilib. Türkiyənin Hacəttəpə Universitetinin professoru Özkul Çobanoğlunun “Türk xalqlarının həyatında Novruz, onun tarixi və Ərgənəkon” adlı çıxışı dinlənildikdən sonra, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Azərbaycanda, Türkiyənin Zonquldağ Bülent Ecevit Universitetinin müəllimi Tahir Aşirov Türkmənistanda, İstanbul Kültür Universitetinin müəllimi Şurubu Kayhan Qırğızıstanda, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin müəllimi Nodirbek Jurakuziyev isə Özbəkistanda qeyd olunan Novruz adətləri haqqında məlumat verib, bu adətlərin tarixindən və regional özəlliklərindən, Novruzun türk dünyasında milli birlik və barış rəmzi olmasından danışıblar.
Diskussiya şəklində davam edən konfransın sonunda məruzəçilərə BDU-nun Filologiya fakültəsinin dekanı adından sertifikatlar təqdim olunub.