BDU-nun Filologiya fakültəsində “Türk dillərinin fonetik əsasları” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Türk dillərinin fonetik əsasları” adlı elmi seminar keçirilib. Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının məruzəçi olduğu seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov məruzəçinin fəaliyyətindən və seminarın mövzusunun əhəmiyyətindən söz açıb.
“Türk dillərinin fonetik əsasları” mövzusunda çıxış edən Süleyman Kaan Yalçın türk dillərinin fonetik quruluşunun inkişaf tarixi, qədim dövrlərdən başlayaraq baş verən səs dəyişmələri haqqında ətraflı məlumat verib, müasir türk dillərində rast gəlinən fonetik qanun və hadisələrin əsas özəlliklərindən, ayrı-ayrı türkcələrdə səs fərqliliklərini ortaya çıxaran mühüm amillərdən danışıb, maraqlı dil faktları ilə fikirlərini əsaslandırıb.
Sonra mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Türkologiya kafedrasının əməkdaşları - professor Məhərrəm Məmmədli və dosent Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramov müəllifin məruzəsini yüksək qiymətləndirib, araşdırmada səsləndirilən fikirlərin mütəxəssislər, gənc tədqiqatçılar və tələbələr üçün böyük maraq doğuracağını vurğulayıblar.
Sonda Süleyman Kaan Yalçına Filologiya fakültəsinin dekanlığı adından “Təşəkkürnamə” təqdim edilib, xatirə şəkilləri çəkdirilib.