BDU-nun Filologiya fakültəsində “Şərqdə “Xəmsə” ənənəsi və Nəvai” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Seminarda kafedranın müdiri, professor Ramiz Əskər “Şərqdə “Xəmsə” ənənəsi və Nəvai” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Əlişir Nəvainin “Xəmsə” yaradıcılığından danışılıb. Qeyd olunub ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair xəmsə (beş məsnəvi), hətta səba (yeddi məsnəvi) yazıb. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis var. Bunlar Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvaidir.
Ramiz Əskər bildirib ki, “Xəmsə” yazan bu dörd dahidən üçü (Nizami, Dəhləvi və Nəvai) milliyyətcə türk, biri isə (Cami) qeyri-türkdür. Digər maraqlı məqam ondan ibarətdir ki, bu dörd şairdən üçü (Nizami, Dəhləvi və Cami) öz “Xəmsə”sini fars dilində, biri isə (Əlişir Nəvai) türkcə yazıb.
Şərq ədəbiyyatında xəmsəçiliyin əsasını qoyan Nizami beş mənzumə qələmə alıb. Bunlar “Pənc gənc” (“Beş xəzinə”) adı ilə məşhur olan “Məxzən ül-əsrar” (“Sirlər хəzinəsi”), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (“Yeddi gözəl”) və “İskəndərnamə” poemalarıdır. Nizaminin qələmindən çıxan bu əsərlər digər şairlər, o cümlədən Əlişir Nəvai üçün etalon və örnək olub.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.