BDU-nun Filologiya fakültəsində “Nizami Gəncəvi və antroposentrzim” adlı elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsində “Nizami Gəncəvi və antroposentrzim” mövzusunda elmi seminar keçirilib. Fəlsəfə və Sosiologiya Akademiyasının rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun iştirakı ilə təşkil edilən seminarda fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov məruzəçinin elmi fəaliyyəti və seminarın mövzusunun əhəmiyyəti haqqında məlumat verib.
“Nizami Gəncəvi və antroposentrizm” mövzusunda çıxış edən Mail Yaqub Nizami Gəncəvinin dünya ədəbi və fəlsəfi fikir tarixində yerindən söz açıb, antroposentrizm və teosentrizm arasındakı fərqləri dinləyicilərin diqqətinə çatdırıb. Bildirib ki, intibah dövrünə qədər yaranan əsərlərdə teosentrizm, yəni Tanrının kainatın mərkəzində olması ideyası üstünlük təşkil edirdisə, renessans dövründən sonra tədricən antroposentrizm, yəni insanın kainatın mərkəzinə keçməsi düşüncəsi öz əksini tapmağa başlayır. Müəllif fikirlərini Nizaminin əsərlərindən gətirdiyi nümunələrlə əsaslandırıb, yeri gəldikcə, Xalq şairi Ramiz Rövşənin poeziyasından müqayisəli örnəklər təqdim edərək, mövzu ilə bağlı mühüm məqamlara toxunub.
Sonra mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, Türkologiya kafedrasının dosenti Sevda Sadıqova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə müəllifin çıxışını təqdir edərək, məruzədə səsləndirilən bir çox fəlsəfi yanaşmaların böyük maraq kəsb etdiyini diqqətə çatdırıb, qonağa elmi fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə Filologiya fakültəsinin II kurs tələbəsi Cahan Salmanova Nizaminin “Ay üzlü nigarım” şeirini səsləndirib, fakültənin məzunu Rüfət Qarayevin gitarda ifası dinlənilib.
Sonda Mail Yaquba Filologiya fakültəsinin dekanlığı adından “Təşəkkürnamə” təqdim edilib, xatirə şəkilləri çəkdirilib.