BDU-nun Filologiya fakültəsində “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı II elmi-pedaqoji seminar keçirillib
BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı II elmi-pedaqoji seminar keçirilib. “Zoom” platforması üzərindən təşkil olunmuş tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun moderatorluğu ilə keçirilən seminar humanist pedaqogikanın himni ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Azərbaycanda pedaqoji yönümlü kadrların hazırlanması istiqamətində qarşıda dayanan mühüm vəzifələrdən, müəllimlik ixtisası üzrə təhsil alan gənclərin savadlı, müasir dövrün tələblərinə uyğun, yüksək əxlaqi keyfiyyətlərlə yetişdirilməsinin əhəmiyyətindən söz açıb, silsilə şəklində təşkil olunan elmi-pedaqoji seminarın təşkilatçılarına təşəkkürünü bildirib.
Görkəmli mütəfəkkirlərin müəllimlik sənəti haqqında görüşlərini əks etdirən videoçarxın nümayişindən sonra, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin qərarı ilə “Humanist Pedaqogika Cəngavəri” fəxri adına layiq görülmüş (2018) Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayevanın elmi rəhbərliyi ilə tələbələrin hazırladıqları məruzələr dinlənilib. IV kurs tələbələri - Nigar Əliyeva “Əsl müəllim hər şagirddə mükəmməl şəxsiyyəti görə biləndir”, Nuranə Rüstəmli “Hər şeyə dəyər vermək mümkündür, müəllim əməyinə əsla dəyər verilə bilməz”, Aytən Məhərrəmova “Uşaqlara bilik verib mənəviyyatlarını saflaşdırmayan müəllimlər cəmiyyətin gələcəyini uçuruma sürükləyən vətəndaşlar yetişdirirlər”, Bəsti Səttarova “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir”, Gülzar Əlləzova “Yaxşı təhsilli olmağın əlaməti ali bilikləri dillə sadə deməyi bacarmaqdır”, Sevinc Qasımova “Təhsilin başlıca məqsədi şəxsiyyət yetişdirməkdir”, Məleykə Mirzəli “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”, Elnarə İbrahimova “Bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, sabah millətimiz də elə olacaq”, II kurs magistrantı Mətanət Abdinova “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” mövzularında çıxış ediblər.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov, həmin kafedranın əməkdaşları – Mətanət Abdullayeva və Əhəd Cavadov seminarın mövzusunun aktuallığından, müəllim-pedaqoqların hazırlanmasının təməl prinsiplərindən, müasir təhsil sistemində gənc müəllimlərin əsas vəzifələrindən söz açaraq, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi fəaliyyətlərinə əminliklərini vurğulayıb, məruzələri yüksək qiymətləndiriblər.
Seminarda Laləzar Sərxanovanın təqdimatında Xalq şairi B.Vahabzadənin “Müəllim” şeiri, “Müəllim manifesti və andı” səsləndirilib.
Sonda BDU-nun Filologiya fakültəsinin dekanı adından professor M.Abdullayevaya “Təşəkkürnamə”, məruzəçilərə isə sertifikatlar təqdim edilib.