BDU-nun Filologiya fakültəsində Mirzə İbrahimovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Mirzə İbrahimovun 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın böyük dayağı” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov görkəmli yazıçının həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb.
“Mirzə İbrahimov və ana dili” adlı məruzə ilə çıxış edən BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizov Xalq yazıçısı M.İbrahimovun dilçilik görüşləri və bədii əsərlərinin dil-üslub özəllikləri haqqında məlumat verib. Bildirib ki, Mirzə İbrahimovun yaradıcılığında dil məsələləri aparıcı mövqedə olmuş, Azərbaycan dilinin estetik gözəllikləri, məna dolğunluğu, tarixi kökləri geniş şəkildə araşdırılmış, onun elmi-publisistik məqalələrinin obyekti kimi həmişə elmi ictimaiyyətin, geniş xalq kütləsinin maraq dairəsinə çevrilmişdir.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova Mirzə İbrahimovun çoxşaxəli ədəbi yaradıcılığı ilə ədəbiyyatımızı zənginləşdirməsindən, əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq Azərbaycan hüdudlarından kənarda tanınmasından, bu əsərlər əsasında çəkilən bədii və sənədli filmlərdən bəhs edib, yazıçı ilə bağlı xatirələrini danışıb.
Filologiya fakültəsinin III kurs tələbəsi Gülnar Hüseynovanın “Mirzə İbrahimov və xalq yaradıcılığı” mövzusundakı çıxışında M.İbrahimovun xalq yaradıcılığına dair elmi-nəzəri və ədəbi-tənqidi görüşləri, hekayə və povestlərində xəlqilik, romanlarında, dramaturgiyasında folklordan istifadə məsələləri öz əksini tapıb.
Daha sonra çıxış edənlər Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısındakı əvəzsiz xidmətlərindən, ana dilimizin qorunması və inkişafı uğrunda gördüyü işlərdən söz açıb, böyük yazıçı ilə bağlı xatirələrini bölüşüblər.
Sonda Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Gülnar Axundova çıxış edərək, görkəmli ədibin əsərlərinin bu gün də gənclər tərəfindən sevilərək oxunduğunu diqqətə çatdırıb, iştirakçılara öz təşəkkürünü bildirib.
Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə Mirzə İbrahimovun həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlar nümayiş olunub.