BDU-nun Filologiya fakültəsində görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə “Mir Cəlal Paşayev: böyük alim və pedaqoq” adlı onlayn tədbir keçirilib.
Mir Cəlal Paşayevin anadan olmasının 113-cü ildönümü ərəfəsində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Tahir Əliyev görkəmli yazıçının ədəbi yaradıcılığında milli-mənəvi dəyərlərdən danışıb, bu dəyərlərin gənc nəslə təbliğinin vacibliyini diqqətə çatdırıb.
Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, həmin kafedranın dosenti Həqiqət Abdıyeva, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev, Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova, Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli, Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Sona Çərkəz, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və başqaları Mir Cəlal Paşayev şəxsiyyətinin bənzərsizliyindən, universitetdə fəaliyyət göstərdiyi müddətdə elmi-pedaqoji məktəb yaratmasından, gələcək nəsillərə örnək olan tərcümeyi-halından, müəllim, alim və yazıçı kimi şəxsi keyfiyyətlərindən söz açıb, böyük ziyalı ilə bağlı xatirələrini bölüşüblər.
Ailə üzvləri adından çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva Mir Cəlal müəllimin əməli və qələmi ilə bütün nəsillərə örnək şəxsiyyət olduğunu vurğulayıb, təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edib.
Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək, Mir Cəlal Paşayevin konyukturadan kənar yaradıcılığının kökündə dayanan insanlıq fəlsəfəsindən danışıb, hər il doğum günü ərəfəsində görkəmli ziyalının xatirəsinin yad olunduğunu qeyd edib, böyük ustadın ənənələrini yaşadan qızı Ədibə xanıma və onun yetirmələrinə təşəkkürünü bildirib.