BDU-nun Filologiya fakültəsində Gənclər Günü qeyd olunub
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələri Gənclər Günü münasibəti ilə təbrik edərək, Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, bu əlamətdar günün təsis olunmasının əhəmiyyətindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müxtəlif sahələrdə istedadlı gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, Vətən müharibəsi və pandemiya dövründə gənclərin aktivlik nümayiş etdirməsini yüksək qiymətləndirib.
BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini və Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov müasir dövrdə gənclərin aktiv sosial fəaliyyətindən, məsul vəzifələrin qabaqcıl gənclərə həvalə olunmasından, gəncliyin uğur qazanması üçün respublikamızda yaradılan münbit şəraitdən, o cümlədən BDU-da gənclər sahəsində həyata keçirilən mütərəqqi işlərdən danışıb.
TGT-nin sədr müavini Aydan Rüstəmzadənin moderatorluğu ilə keçirilən tədbir gənclərin qarşısında dayanan əsas vəzifələr və hədəflər ətrafında aparılan müzakirələrlə yekunlaşıb.