BDU-nun Filologiya fakültəsində “Əlişir Nəvai – 580” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Əlişir Nəvai - 580” adlı elmi seminar keçirilib. Türkologiya kafedrasının müdiri, filologiya elmlər doktoru Ramiz Əskərin məruzəçi olduğu seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə açan Türkoloji dərnəyin rəhbəri, magistrant Məleykə Mirzəli Azərbaycanda Nəvai irsinin tədqiqi və əsərlərinin dilimizə tərcüməsində Ramiz Əskərin rolundan söz açıb.
Sonra söz məruzəçiyə verilib. Ramiz Əskər Nəvainin yaşadığı dövrün ictimai-siyasi və ədəbi-mədəni mühitindən, həyat və yaradıcılığından, dil-üslub xüsusiyyətlərindən və müasir Türk dövlətlərində onunla bağlı aparılan tədqiqatlardan bəhs edib. O bildirib ki, Nizami ənənələrini davam etdirən Nəvai həm də ilk dəfə türkcə “Xəmsə” yazdığı üçün yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Məruzəsi ilə yanaşı, R.Əskər iştirakçılara Əlişir Nəvai poemalarının Azərbaycan dilinə etdiyi tərcüməsini və bir sıra tədqiqat əsərlərini təqdim edib.
Sonra Türkologiya kafedrasının əməkdaşları - professor Firuzə Ağayeva, dosent İslam Vəliyev, Səmayə Cəlilova və fakültənin magistrantları - Bəsti Səttarova, Aytən Şamilova mövzu ətrafında çıxışlar edib, məruzəçiyə suallar ünvanlayıblar.