BDU-nun Filologiya fakültəsində “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
BDU-nun Filologiya fakültəsində Türkologiya kafedrasının təşkilatçılığı ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru, tanınmış ədəbiyyatşünas alim və yazıçı Ali Kafkasyalının “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib. Tədbirdə türkiyəli qonaqlar - Ali Kafkasyalı və Erzincan Binali Yıldırım Universitetinin Sosial Elmlər İnstitunun direktoru Nevzət Tozlu, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Ali Kafkasyalının çoxşaxəli ədəbi və elmi yaradıcılığı haqqında məlumat verib. Müəllifin Azərbaycanda nəşr olunmuş “Qafqaz qaçaqları”, “Qartallar sərhəd tanımaz” adlı romanları, S.Vurğun haqqında monoqrafiyası və Güney Azəarbaycanla bağlı araşdırmalarından danışan M.Məmmədov Ali Kafkasyalının “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının məzmunu, burada əks olunan məsələlər barəsində geniş söz açıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu geniş məzmunlu çıxış edərək, həm Ali Kafkasyalının biblioqrafiyasını, həm də kitabın əhatə etdiyi mövzuları şərh edib. O, təqdim olunan əsərdə Nazim Hikmətin “Şəxsiyyəti və şairliyi”, “Yaşadıqları”, “Düşüncələri və çalışmaları” adlı fəsillərin məzmununa toxunub və şairin Azərbaycana olan sevgisindən bəhs edən paraqrafı dinləyicilərin diqqətinə çatdırıb.
Sonra N.Hikmətin 1957-ci ildə Bakı Dövlət Universitetində olarkən etdiyi çıxışın videoroliki nümayiş etdirilib.
Türkologiya kafedrasının dosenti Kəmalə Nəcəfova çıxış edərək, kitabda əks olunan yeni məlumatların oxucularda böyük maraq yaradacağını, şairin irsi ilə bağlı gələcəkdə aparılacaq türkoloji araşdırmalara əsaslı yön verəcəyini, Türk xalqları ədəbiyyatı fənninin tədrisi üçün yararlı vəsait olacağını vurğulayıb, kitabın “Türk dili sevdası” paraqrafı ilə bağlı görüşlərini auditoriyanın diqqətinə çatdırıb.
Türkologiya kafedrasının doktorantı Məleykə Mirzəli əsərdə Nazim Hikmətin türk dünyası ilə bir arada təhlil edilməsini mühüm hal hesab edib, kitabın “Nazim Hikmət və Azərbaycan” bölməsindən bəhs edərək hər türk gəncinin bu sətirlərdə özünü tapacağını vurğulayıb.
Türkologiya kafedrasının magistrantı Aysel Həsənova kitab və müəllif haqqında fikirlərini bölüşüb, Nazim Hikmət yaradıcılığından şeirlər səsləndirib.
Sonda söz türkiyəli qonağa - professor Ali Kafkasyalıya verilib. O, böyük şairin yaradıcılığının türk ədəbi düşüncəsinin inkişafına təsirindən söz açıb, ədibin irsinin onun siyasi baxışları fonunda deyil, ümumtürk aspektindən, ümumən türk şairi kimi tədqiq olunmasını vacib hesab edib.
Sonda müəllif tələbə və müəllimlərin suallarını cavablandırıb, iştirakçılara öz imzasıyla kitablarını hədiyyə edib.