BDU-nun Filologiya fakültəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib
Fevralın 21-də BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Türkoloji” dərnəyin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Türk dövlətlərinin dilləri” adlı beynəlxalq virtual konfrans keçirilib. “Zoom” platforması üzərindən təşkil olunmuş tədbirə türkdilli dövlətlərin tanınmış türkoloq alimləri və gənc tədqiqatçıları qatılıb.
Tələbə Elmi Cəmiyyətinin sədri Məleykə Mirzəlinin moderatorluğu ilə keçmiş konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinə dövlət qayğısından söz açıb, təhlükə qarşısında olan türk dillərinin problemlərinə toxunaraq konfransın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyənin Kırıkkale Universitetinin professoru Bilgehan Atsız Gökdağ, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli türk dillərinin inkişaf tarixindən, müasir problemlərindən və araşdırma istiqamətlərindən danışıb, konfransda məruzə edən gənc tədqiqatçılara uğurlar arzulayıblar.
Sonra söz məruzəçilərə verilib. BDU-nun Türkologiya kafedrasının doktorantı Zülfiyyə Ağayeva Azərbaycan dili, Türkiyənin Qazi Universitetinin elmi işçisi Beyza Türkkolu türk dili, Türkiyənin İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Ataş Qayıpoğlu türkmən dili, Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi Dr. Zarina Kalbıyeva qırğız dili, Qazaxıstanın Avrasiya Milli Universitetinin “Türkologiya” ixtisasının tələbəsi Aliyə Kairova qazax dili, Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin doktorantı İxtiyar Yakubov isə özbək dili haqqında məlumat veriblər.
Sonda məruzəçilərə BDU-nun Filologiya fakültəsinin dekanı adından sertifikatlar təqdim edilib.