BDU-nun Filologiya fakültəsində Beynəlxalq Ana Dili günü qeyd olunub
BDU-nun Filologiya fakültəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil millətin simasıdır” adlı tədbir keçirilib. Filologiya fakültəsi və SABAH Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin moderatoru - Azərbaycan dilçiliyi kafedrasının və SABAH Mərkəzinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənova açılış nitqi ilə çıxış edərək, bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, ana dilini qorumağın və təbliğ etməyin vacibliyindən, bu istiqamətdə gənclərin qarşısında dayanan əsas vəzifələrdən söz açıb.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev 21 Fevral - Beynəlxalq Ana Dili Gününün tarixi əhəmiyyətindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin ünsiyyət coğrafiyasından və keçdiyi tarixi inkişaf yolundan, milli dil və dövlət dili kimi keşməkeşli taleyindən və dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından bəhs edib.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli ana dilinin saflığının qorumasında kütləvi informasiya vasitələrinin rolundan, televiziyada, radioda və mətbuatda ədəbi dil normalarının pozulmasından, sosial şəbəkə istifadəçilərinin ana dilinə qarşı biganəliyindən danışıb, dilimizi müasir gəncliyə düzgün aşılamağın ciddi məsələ olduğunu diqqətə çatdırıb.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Məmmədov Azərbaycan dilinin müxtəlif sahələrdə tətbiqi zamanı qarşıya çıxan problemlərdən, xüsusilə reklam mətnlərində və iaşə obyektlərində dilimizin qanunlarına riayət olunmamasından, ana dilimizi daha geniş miqyasda təbliğ etməyin önəmindən söz açıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında ana dilinə həsr olunmuş şeirlər və musiqilər səsləndirilib, videoçarxlar və təqdimatlar nümayiş olunub.