BDU-nun Filologiya fakültəsində “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Kafedranın əməkdaşı Aygün Zəkiyevanın moderatorluğu ilə keçirilən seminarı giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə “Nizami ili” çərçivəsində təşkil olunmuş və sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib, seminarın mövzusunun əhəmiyyətindən danışıb.
Sonra söz məruzçilərə verilib. Professor Sənan İbrahimov “Şərq ədəbiyyatında Nizami ənənələri”, dosent Lalə Əliyeva “Nizami Gəncəvi: sələflər və xələflər”, dosent Sevinc Qocayeva “Nizami ideyaları orta əsrlər Azərbaycan ədəbiyyatında”, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Nizami Qərb araşdırmalarında”, Türkiyənin Səlcuq Universitetinin doktorantı Fəridə Cəfərova “Nizaminin “Yeddi gözəl” əsərində astroloji ünsürlər”, fakültənin III kurs tələbəsi Arif Vəliyev isə “Nizami yaradıcılığında musiqi” adlı məruzələrlə çıxış ediblər.
Məruzələrin ardınca kafedranın magistrantları Aytən Şamilova və Gülay Tahirlinin ifasında N.Gəncəvinin qəzəlləri səsləndirilib.
Sonda Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov çıxış edərək, Nizami irsinin öyrənilməsi və təbliğinin aktuallığından, “Nizami ili” çərçivəsində fakültə qarşısında dayanan əsas vəzifələrdən danışıb, dahi şairin yubileyinə həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini vurğulayıb, məruzəçilərə təşəkkürünü bildirib.