BDU-nun Filologiya fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tariximizdə ən böyük zəfər” adlı tədbir keçirilib
Noyabrın 6-da Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin könüllüləri və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tariximizdə ən böyük zəfər” adlı onlayn tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Cavanşir Muradov giriş sözü ilə çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə aparan uğurlu yoldan, 28 il ərzində ölkəmizin inkişafı və dünyadakı nüfuzunun güclənməsi istiqamətində görülən misilsiz işlərdən, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həll olunması uğrunda Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi peşəkar siyasətdən, bu tarixi Zəfərin qazanılmasında qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən, həmin dövrdə fakültə tələbələrinin arxa cəbhədəki fəallığından söz açıb.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun “Böyük qələbəyə aparan zəfər yolu” adlı çıxışında Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasının dövlətimizin bir çox mühüm istiqamətlərdə həyata keçirdiyi böyük quruculuq işləri ilə bağlı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdə ictimai-siyasi və sosial sabitliyin təmin olunması, Azərbaycanın qlobal nəqliyyat qovşağının səmərəli və etibarlı körpüsünə çevrilməsi, enerji strategiyası, yüksək səviyyəli beynəlxalq münasibətlərin qurulması, gənclərlə bağlı siyasətin proritet təşkil etməsi, qüdrətli ordu quruculuğu, Aprel döyüşləri, ən nəhayət, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və inamlı mövqeyi xalqımıza XX əsrin tarixi Zəfərini bəxş edib.
Daha sonra 44 günlük Vətən müharibəsi zamanı xidməti vəzifəsini ləyaqətlə yerinə yetirən qazilərimiz – “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş Elvin Əhədzadə və “Füzulinin azad olunması uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif edilmiş Tural Budaqov keçdikləri şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb, müharibə vaxtı gərgin keçən döyüşlərlə bağlı xatirələrini bölüşüblər.
Filologiya fakültəsinin I kurs tələbəsi Ellada Mahmudovanın moderatorluğu ilə keçən tədbirdə fakültə üzrə TGT-nin sədr müavini Elnurə Ağasəfzadənin, fakültə könüllülərinin rəhbərinin müavini Qönçə Balayevanın və “Vətənim Azərbaycandır!” adlı esse müsabiqəsinin qalibi Aynurə Abbaszadənin çıxışları dinlənilib, Vətən müharibəsindən bəhs edən videoarx nümayiş olunub, həmçinin Azərbaycan dilçiliyi kafedrasının dosenti, bəstəkar Fikrət Əlizadə pianoda “Zəfər marşı”nı ifa edib.