BDU-nun Filologiya fakültəsində 20 Yanvar şəhidərinin xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 20 Yanvar faciəsinin tarixi zəmini və onun doğurduğu nəticələrdən, bu qanlı hadisəyə verilən siyasi-hüquqi qiymətdən söz açıb, qəhrəmanlıq tariximizin bu şərəfli səhifəsinin bütün təfərrüatları ilə gənc nəslə aşılanmasının xüsusi əhəmiyət daşıdığını vurğulayıb.
“Dədə Qorqud” ETL-in müdiri, o qanlı faciədə şəhidlik zirvəsinə ucalmış Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəbiyeva bu qanlı aksiyanı Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirib, hadisə ilə bağlı xatirələrini bölüşüb.
Aydan Rüstəmzadənin moderatorluğu ilə keçirilən tədbirdə Filologiya fakültəsi tələbələrinin - TGT-nin sədr müavini Rəhimə Əliyeva, THİK-in sədr müavini Rəhiməxanım Əlipənahova və Fatimə Nağızadənin çıxışları dinlənilib, Ülviyyə Orucova və Səyahət Məhərrəmovanın ifasında şeirlər səsləndirilib, 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.