BDU-nun Filologiya fakültəsi və “Gənc istedadlar” liseyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konfrans keçirilib
Aprelin 26-da BDU-nun Filologiya fakültəsi və “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda onlayn konfrans keçirilib.
“Nizami Gəncəvi ili – 2021” adlı videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov bildirib ki, insanlığı sülhə, ədalətə səsləyən Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması ölkəmiz tarixində mühüm hadisələrdən biridir. Öz torpaqlarını işğalçılardan azad edən, ərazi bütövlüyünü bərpa edən qalib bir dövlətin qarşısında hazırda öz tarixi, ədəbiyyatı barədə məlumatı dünyaya çatdırmaq vəzifəsi durur. Bu məqamı nəzərə alaraq, “Nizami Gəncəvi İli” çərçivəsində Şərq poeziyasının əbədi günəşi hesab edilən dahi şairin həyat və yaradıcılığının, əsərlərindəki ədəbi və fəlsəfi ideyaların təbliğinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilməlidir.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxış edərək, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən, dahi şairin yaradıcılığındakı didaktik motivlərin və əxlaqi-mənəvi dəyərlərin gənc nəslə aşılanmasından söz açıb, belə konfransların Nizami irsinin öyrənilməsinə və təbliğinə töhfələr verdiyini bildirib.
“Gənc istedadlar” liseyinin direktor müavini M.N.Bayramova “N.Gəncəvi İli”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin şagirdlərin dünyagörüşünə təsirindən, şairin irsinin geniş miqyasda təbliğindən bəhs edib, konfransın Filologiya fakültəsi ilə birgə keçirilməsinin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Əliyeva “Nizami Gəncəvi dühası”, Filologiya fakültəsinin IV kurs tələbəsi İlknur Pənahlı “Nizami Gəncəvi yaradıcılığında oğluna nəsihət”, “Gənc istedadlar” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimləri - Gülşən Əliyeva “Nizami Gəncəvi əsərlərində türk bəzəyi”, Yaqut Hüseynova isə “Nizami Gəncəvi yaradıcılığında qadın obrazı” mövzularında məruzə ediblər.
Tədbirdə Filologiya fakültəsinin III kurs tələbələrinin - Fidan Abdinova, Aysel Seyidova və Gülşən Həsənlinin, həmçinin liseyin şagirdlərinin - İbrahim Xəlil, Əminə Cəfərli və Ayan Hacıyevanın ifasında N.Gəncəvinin qəzəlləri dinlənilib, liseyin şagirdləri - Nura Qocayeva və Nihad Həşimovun dahi şairin əsərlərinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.