BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-nun infoturu təqdim edilib.
Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu istiqamətdə BDU-da “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bir çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilib.
Elçin Babayev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. Natiq Nizami irsinin sadəcə ədəbiyyat deyil, eyni zamanda musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub.
Açılış mərasimində M.V. Lomonosov Moskva Dövlət Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasının professoru Nazim Səfərov, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva, Türkiyə Cümhuriyyətinin Firat Universitetinin professoru Süleyman Kaan Yalçın, Firat Universitetinin rektoru professor Fahrettin Göktaş (onlayn), Tacikistan Respublikası Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhamməd Sufizodə, Özbəkistan Respublikasının Cizzax Dövlət Pedaqoji İnstitutunun professoru Gülcaxon Cumanazarova, Türkiyə Cümhuriyyətinin Bilkənt Universitetinin professoru Rasim Özyürek (onlayn), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru Güzalya Həziyeva, Türkiyə Cümhuriyyətinin Akdeniz Universitetinin professoru Oğuzxan Qaraburqu çıxış ediblər. Çıxışlarda böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışılıb. Qeyd edilib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Konfransın plenar iclasında Milli Məclisin üzvü, BDU-nun professoru Nizami Cəfərov “Türk-müsəlman intibahı: Fərabi fəlsəfəsindən Nizami poeziyasına qədər”, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Nizami Gəncəvini böyük Azərbaycan və dünya şairi olmağa ruhlandıran amillər və meyarlar”, Türkiyənin Firat Universitetinin professoru Süleyman Kaan Yalçın “Nizami Gəncəvi ekosemiotik dil kontekstində” mövzusunda məruzə ediblər.
Konfransda akademik Rafael Hüseynov Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Şərqşünaslıq” jurnalı haqqında məlumat verib. Jurnalın ilk nömrəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş məqalələr öz əksini tapıb.
Konfransda Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi, fəlsəfi fikir tarixində Nizami fenomeni, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Nizami və tarix, Nizami və folklore, Nizami və dünya ədəbiyyatı, Nizami və türk xalqları ədəbiyyatı, Nizami əsərlərinin mənbələr, Nizami yaradıcılığında didaktika, Nizaminin ictimai baxışları, Nizami irsi dünya mədəniyyəti kontekstində, Nizamişünaslıq müasir mərhələdə, Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsNizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları istiqamətləri üzrə müzakirələr aparılır.
Açılış mərasimində Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin direktoru professor Edmund Hersinqin konfrans iştirakçılarına təbrik məktubu təqdim olunub.
Mərasim bədii hissə ilə davam edib, Xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili canan” romanslarını ifa edib, BDU tələbələrinin ifasında N.Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan bədii kompoziyalar səhnələşdirilib.
Konfrans işini sabah da davam etdirəcək.