BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ustad dərsi keçirilib
Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasındakı əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən, “Ustad dərsləri” layihəsinin növbəti mühazirəsi - Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş ustad dərsi keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil edilən tədbirdə hər iki universitetin professor-müəllim və tələbə heyəti, həmçinin “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin üzvləri – Aşıq Ələsgərin nəticəsi şairə Şamama Ələsgərli və kötücəsi şairə Asimə Ələsgərli iştirak ediblər.
MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən ustad dərsində BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Səhər Orucova “Aşıq Ələsgər yaradıcılığında milli-mənəvi dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə professor S.Orucova Aşıq Ələsgər irsindən, onun milli-mənəvi dəyərlərin inkişafına təsirindən söz açıb. Dədə Ələsgərin yaradıcılığında aşılanan vətənə və təbiətə məhəbbət, düzlük, mərdlik, sədaqət, adət-ənənələrə ehtiram və digər yüksək mənəvi-əxlaqi dəyərlərdən danışan mühazirəçi el şairinin şeirlərində səslənən bir çox hikmətli ifadələrin günümüzdə atalar sözləri və zərb-məsəlləri kimi istifadə edildiyini bildirib. S.Orucova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, çoxəsrlik keçmişə malik Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ölkəmizin ədəbi-mədəni tarixinə əlamətdar bir hadisə kimi daxil olub. Məruzədə ustad aşığın şeirləri ilə yanaşı, onunla bağlı dastan və rəvayətlərdən də bəhs olunub.
Ustad dərsi Dədə Ələsgərin irsi ilə bağlı müzakirə və çıxışlarla davam edib. İştirakçılar həm məruzəçiyə, həm də digər tədqiqatçılara suallar ünvanlayıblar. Çıxışlarda Aşıq Ələsgərin zəngin və forma cəhətdən rəngarəng (qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbənd və s.) janrlarla Azərbaycan ədəbi dilinin, aşıq şeirinin inkişafında misilsiz xidmətlər göstərdiyi diqqətə çatdırılıb.