Baş müəllim Təranə İsmayılın açıq dərsi baş tutub
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılın Filologiya faküktəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs 148-ci qrupunda “Müasir Azərbaycan dilinin sintaksisi” fənnindən “İkinci dərəcəli üzvlər. Tamamlıq” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə kafedra müdiri, professor Tofiq Hacıyev, kafedranın əməkdaşları – dosent Fikrət Əlizadə, müəllimlərdən Aygün Məhərrəmova, Səbinə Vəliyeva, Zemfira Məmmədova və Nərmin Abdulhüseynli izləyiblər.
Müəllim açıq dərsə mövzunu auditoriyaya elan etməklə başlayıb. Dərsin mərhələlərinə əməl edərək tələbələrin tamamlıq mövzusunu mənimsəməsini yoxlayan frontal sorğu aparıb. Sonra dərs tamamlığın qrammatik xüsusiyyətlərini təqdim etmək üçün bölünmüş qrupların çıxışları ilə davam edib. Tələbələrdən Rəvan Quliyev, Tərlan Allahverdiyeva, Anar Aşumov, İbrahim Əliyevin tamamlığın qrammatik xüsusiyyətləri ilə bağlı hazırladıqları təqdimatlar dinlənilib.
Xədicə İmanova, Fatimə Nağızadə, Röya Hacıbabayeva, Fidan Poladlı, Mahirə Rzazadənin qruplarla iş üsulu ilə təqdim etdikləri bədii əsərlərdən seçilən nümunələr də çox maraqla qarşılanıb. Müsahibə üsulu ilə tələbələrdən Xədicə Nağıyeva, Rəvanə Qasımova, Arəstə İmanova, Nərmin Əkbərli, Rəvan Bayramov, Nəcibə Qurbanovanın suallara fəal cavab verməsi, ümumən, bütün qrupun müzakirələrdə fəal iştirakı hamının marağına səbəb olub.
Mövzunun möhkəmləndirilməsində tələbələrin çox aktiv olması da diqqətəlayiq idi. Müəllim frontal sorğu, qruplarla iş müsahibə üsullarının hər birindən uğurla istifadə edib, mövzunun mənimsənilməsinə, bütün dərs boyu müasir təlim metodu ilə klassik dərs üsullarının vəhdətini yaratmağa nail olub. Dərs texnologiyanın imkanlarından istifadə ilə (həm keçmiş, həm yeni) slaydlarla müşayiət olunub ki, bu da dərsi daha maraqlı edib. Yeni dərsin – təyin və zərfliyin müqayisəli izahı, onun mənimsənilməsi üçün lazım olan məqamlar maraqlı izah üsullarından istifadə edilməklə diqqətə çatdırılıb. Dərs ev tapşırığı, təqdimatların qiymətləndirilməsi ilə yekunlaşdırılıb.
Tələbələrin açıq dərsə xüsusi hazırlanması – əsl müəllim auditoriyası görüntüsü yaratmaları iştirak edən hər kəsin məmnunluğuna səbəb olub. Açıq dərsdə mövzunu yaddaqalan etmək üçün istifadə olunan məlumat, material və vasitələrin zənginliyi diqqətdən yayınmayb. Bütün qrupun çox yüksək balla bu fakültəni seçməsi faktı açıq dərsi dinləyənlərdə məmnuniyyət hissi oyadıb. Bu qrup tələbələri üçün ilk açıq dərs olmasına baxmayaraq, iştirak edənlər onların hazırlıqlarını təqdir ediblər, gərəkli tövsiyələr və məsləhətlər veriblər. Dərs mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Sonda qrup tələbələrinin xahişi ilə xatirə fotoları çəkilib.