Baş müəllim Gülnar Rəsulovanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Tələbələrin bilik səviyyəsinin müəyyənləşdirilməsində test üsulunun rolu” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gülnar Məmmədxan qızı Rəsulova bildirib ki, Azərbaycan bölməsində rus dilinin tədrisində test üsulu ilə yoxlamalar səmərəli üsullardan biri kimi geniş istifadə olunur. Testlər əsasında yoxlamalar adətən vacib mövzular keçirilindən sonra, kollekviumlarda və ev tapşırıqları qismində verilir. Testlərin keçirilməsi tələbələrin bilik səviyyəsinin yoxlanılmasında dəqiq mənzərə yarada bilir, ayrı-ayrı tələbələrin bilik və hazırlığında mövcud olan problemləri üzə çıxarır. Bununla belə, nəzərə almaq lazımdır ki, testlər bir sıra tələblərə cavab verməlidir: onlar qısa olmalıdır, onların şərtləri və dil materialı anlaşılmalı olmalıdır. Yalnız belə hallarda testlər üzərində işləmək tələbələrdə motivasiya yaradır və faydalı olur.