"Balkanlarda türk dilinin öyrənilməsi" adlı seminar
BDU-nun Filologiya fakültəsi Türkologiya kafedrası nəzdində “Türkoloji araşdırmalar” ETL-də “Balkanlarda (Bosniya-Hersoqovina və Makedoniyada) türk dilinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, professor Firuzə Ağayeva, laboratoriyanın əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi, dosent Nurlana Mustafayeva osmanlı türklərinin balkanlarda tarixən qərar tutmasından, balkan ölkələrində yaşayan türklərin mövcud vəziyyəti və dil mənzərəsi haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, Makedoniya, Kosova, Yunanıstan, Bolqarıstan, Albaniya kimi Balkan ölkələrində türk dili bu gün də tədris edilir. Bəzi ölkələrdə türk dilində yalnız ibtidai və orta təhsil verilirsə, bəzilərində ali təhsilin bakalavriat səviyyəsində türk dilində dərslər aparılır. 1912-1945-ci illər arasında Balkanlarda ana dilində təhsil almaq yasaqlanıb və türk dili, demək olar ki, istifadə olunmayıb. 1948-ci ildən sonra türkdilli xalqlara ana dilində təhsil almaq hüququ verilib.
Natiq qeyd edib ki, həmin dönəmdə Makedoniyadakı türklər də öz dillərində təhsil almaq hüququ qazanıblar. Etnik qruplara verilən hüquqlara əsasən, Makedoniya türkləri bu gün türk dilində təhsil ala bilirlər. Digər bir diqqət çəkən məqam isə odur ki, Üsküpdə əhalinin böyük bir hissəsini arnavutlar (albanlar) təşkil edir. Onlar arnavutca ilə yanaşı, türk dilində də danışırlar. Hətta arnavutlar üçün türk dilində danışmaq müsəlman olmaq qədər müqəddəs hesab olunur. Onlar arasında türk dilində danışanlara “kasabalı”, danışa bilməyənlərə isə “köylü” deyilir.
Bosniya-Hersoqovina haqqında məlumat verən məruzəçi vurğulayıb ki, Saraybosna və Foynitsa Türk Mədəniyyət mərkəzlərində xüsusilə yaşlı insanlara türk dilində dərslər verilir. Ali təhsil pilləsində isə ancaq dörd universitetdə Türk dili və ədəbiyyatı kafedraları mövcuddur: Sarayevo Universitetinin Fəlsəfə fakültəsində Türkologiya kafedrası, Tuzla Universitetinin Fəlsəfə fakültəsində Türk dili və ədəbiyyatı kafedrası, Zeniça Universitetinin Təhsil fakültəsində Türk dili və ədəbiyyatı kafedrası, Beynəlxalq Burç Universitetinin Təhsil fakültəsində Türk dili və ədəbiyyatı müəllimliyi kafedrası.
Sonra mövzu ətrafında müzkirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb. Seminar məruzəyə dair müzakirələrlə yekunlaşıb.