Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi milli düşüncə tariximizdə yeni bir mərhələ açdı, xalqımızın elm-maarif yoluna qədəm qoymasında, onu bu istiqamətdə arxasınca aparacaq ixtisaslı kadrların formalaşmasında həlledici oldu. Bu əlamətdar hadisə bir çox elm sahələrinin, o cümlədən, Azərbaycan filologiyasının təşəkkülünə güclü təkan verdi. Bakı Dövlət Darülfünunu ilkin olaraq Tarix-filologiya fakültəsi (Tarix və lisanə fakültəsi) şəklində təşkil olunmuşdu, deməli, Filologiya fakültəsi BDU-nun yaşıdıdır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, 1923-1924-cü tədris ilindən Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə, 1924-1925-ci tədris ilindən İctimai elmlər fakültəsi Pedaqoji fakültəyə çevrildi. 1925-1926-cı tədris ilinin əvvəlində Pedaqoji fakültədə Dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırıldı. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin Lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarınadək - Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirdi. 1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, Filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açıldı. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas - Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı ixtisasları üzrə aparılırdı.
BDU-nun Şərqşünaslıq, Jurnalistika, İnformasiya və sənəd menecmenti fakültələri vaxtilə Filologiya fakültəsinin tərkibindən ayrılaraq sonralar müstəqil fakültələrə çevriliblər. Müxtəlif illərdə fakültəyə professorlar Aleksandr Baqri, Məmmədağa Şirəliyev, dosentlər Həbibullah Səmədzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Cəfər Cəfərov, professor Əli Sultanlı, dosentlər Muxtar Hüseynzadə, Seyfulla Əliyev, professorlar Əlövsət Abdullayev, Ağamusa Axundov, Əkbər Ağayev, Firudin Hüseynov, Aqil Hacıyev, Nizami Cəfərov, Qara Namazov, Elbrus Əzizov, dosent Məhərrəm Vəliyev rəhbərlik ediblər. 2016-cı ildən fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Hüseyn oğlu Məmmədovdur.
Bu gün Filologiya fakültəsi təhsilalanların və professor-müəllim kontingentinin sayına və elmi-pedaqoji potensialına görə BDU-nun aparıcı fakültələrindən biridir. Fakültədə 3 səviyyə üzrə kadr hazırlığı aparılır.
Bakalavriat səviyyəsində filologiya (Azərbaycan dili və ədəbiyyatı), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (alman dili müəllimliyi), xarici dil müəllimliyi (fransız dili müəllimliyi), dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi) ixtisaslarında kadrlar yetişdirilir.
Magistratura səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və filologiya ixtisaslarında 14 ixtisaslaşma - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq (ədəbiyyat nəzəriyyəsi), ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi), ədəbiyyatşünaslıq (folklorşünaslıq və mifologiya), ədəbiyyatşünaslıq (dünya ədəbiyyatı), ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı), ədəbiyyatşünaslıq (rus ədəbiyyatı üzrə), Azərbaycan dili, dilşünaslıq (ümumi dilçilik), dilşünaslıq (türkologiya), dilşünaslıq (rus dili üzrə), dilşünaslıq (alman dili üzrə), dilşünaslıq (fransız dili üzrə) kadr hazırlığı həyata keçirilir.
Doktorantura səviyyəsində həm fəlsəfə doktoru, həm də elmlər doktoru hazırlığı dil nəzəriyyəsi, Azərbaycan dili, slavyan dilləri, türk dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və təhlil, Azərbaycan ədəbiyyatı, türk xalqları ədəbiyyatı, dünya ədəbiyyatı, folklorşünaslıq ixtisasları üzrə aparılır.
Filologiya fakültəsinin əsas elmi tədqiqat istiqamətləri və prioritet məsələlərinə dilçiliyin və ədəbiyyatşünaslığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsi - nəzəri və praktik dilçilik tədqiqatlarının aparılması, qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi, ümumi dilçilik məsələləri, həmçinin şifahi və yazılı ədəbiyyat, klassik və müasir ədəbi proseslər, mühacirət ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli ədəbiyyatşünaslıqla bağlı araşdırmaların aparılması aiddir.
Fakültədə 15 kafedra və 4 elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir.
Azərbaycan dilçiliyi kafedrası (1939) nəzəri kafedra kimi dilin bütün yarusları üzrə aktual problemlərin tədqiqi, Azərbaycan dilinin fonetikası, leksikası, qrammatik quruluşu, nitq mədəniyyəti və üslubiyyatı məsələlərinin araşdırılması və tədrisi sahəsində ixtisaslaşıb.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası (1965) tədrisin təşkili ilə yanaşı, dilçi-metodist kadrların hazırlanması ilə məşğul olur. Kafedranın elmi-tədqiqat istiqaməti Azərbaycan dili və ədəbiyyatının tədrisinin tarixi, metodikası, qrammatik təhlilin nəzəri və metodik əsasları üzrə tədqiqatlarla müəyyən olunur.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının (2014) fəaliyyətində Azərbaycan dili və nitq mədəniyyətinin praktik məsələləri, nitq mədəniyyətinin formalaşdırılması, Azərbaycan dilinin üslub xüsusiyyətlərinin tətbiqi aspekti aparıcıdır.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının (1939) əsas pedaqoji və elmi istiqamətini klassik və müasir Azərbaycan ədəbiyyatının tədrisi və onun aktual problemlərinin tədqiqi təşkil edir.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası (1989) folklorun tədrisi, aktual problemləri, Azərbaycan mifologiyası, Azərbaycan folklorunun digər dillərə tərcüməsi, ozan-aşıq sənəti və s. mövzularda elmi-tədqiqat işləri ilə məşğul olur.
Dünya ədəbiyyatı kafedrasının (1939) elmi-pedaqoji profili dünya ədəbiyyatı tarixi, müqayisəli ədəbiyyat, tərcümə nəzəriyyəsi istiqamətlərində tədrisin və tədqiqatların aparılması ilə müəyyən olunur.
Türkologiya kafedrası (1969) türk dilləri, türk xalqları ədəbiyyatı, Azərbaycan dilinin tarixi və dialektologiyası, qədim və müasir türk yazılı abidələrinin dili istiqamətləri üzrə araşdırmaların aparılması ilə məşğul olan ixtisaslaşmış kadrlardan təşkil olunub.
Ümumi dilçilik kafedrasının (1920) əsas elmi-pedaqoji fəaliyyəti dilçilik tarixi, dil nəzəriyyəsi və müqayisəli dilçilik istiqamətindədir.
Filologiya fakültəsində Azərbaycan bölməsi ilə paralel rus bölməsi də fəaliyyət göstərir. Rus dilçiliyi kafedrasında (1939) rus dilinin tarixi, müasir rus dili, rus dilçiliyi tarixi, onomastika, rus dilinin tədrisi metodikası istiqamətlərində tədqiqatlar aparılır. Rus ədəbiyyatı tarixi kafedrasında (1920) rus ədəbiyyatının inkişaf mərhələləri və Azərbaycan-rus ədəbi əlaqələri əsas araşdırma istiqamətini təşkil edir.
Fakültədə xarici dillərin tədrisi də uğurla həyata keçirilir. Alman və fransız dilləri kafedrası (2001) bu dillərin tədrisi, fonetikası, leksikologiyası və qrammatikası üzrə elmi-tədqiqat işləri ilə məşğul olur. Rus dili (humanitar fakültələr üzrə) kafedrasında (1919) BDU-nun humanitar fakültələrində rus dilinin tədrisi ilə yanaşı, rus dilinin tarixi və tədrisi metodikası sahəsində tədqiqatlar aparılır. Rus dili (təbiət fakültələri üzrə) kafedrasının (1972) fəaliyyətində rus dilinin tədrisi fonunda rus dilçiliyinin nəzəri məsələləri, rus dilinin tədrisinin metodikası istiqamətləri elmi-tədqiqat planında önə çıxır. İngilis dili (təbiət fakültələri üzrə) kafedrası (1922) BDU-nun ingilis dili fənninin praktik tədrisi ilə məşğul olmaqla yanaşı, ingilis dilinin tədrisi metodikası və dillərin müqayisəli araşdırılması istiqamətlərində elmi-tədqiqat işləri ilə də məşğul olur. İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında (2011) ingilis dilinin tədrisi əsas istiqamət olsa da, dil nəzəriyyəsi və müqayisəli dilçilik aspektində elmi araşdırmalar da aparılır.
Fakültədə elmi-tədqiqat laboratoriyalarının fəaliyyətləri filologiyanın prioritet istiqamətlərinə müvafiq olaraq müəyyən edilir; Azərbaycan dilinin tətbiqi məsələləri ETL-də qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin müasir vəziyyəti fonunda tətbiqi problemlərinin araşdırılması, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-də millətlərin qarşılıqlı inteqrasiyasında bədii tərcümənin rolu və mühacirət ədəbiyyatı nümayəndələrinin ədəbi-bədii yaradıcılığı, “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” eposunun tədqiqi tarixi və folklor məsələləri, Türkoloji araşdırmalar ETL-də türkologiyanın aktual problemləri, Avropa və Asiya ölkələrində türk dillərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.
BDU-nun müvafiq kafedralarının professor-müəllim heyəti bir əsrdən artıq dövr ərzində Azərbaycan filologiyasının inkişafına əvəzsiz töhfələr verib. Müxtəlif dönəmlərdə BDU-nun ayrı-ayrı alimlərinin ardıcıl fəaliyyətinin nəticəsi kimi respublikamızda filoloji fikrin inkişafında mühüm rol oynamış bir neçə elmi-pedaqoji məktəb – “Ümumi dilçilik və türkologiya”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dilçiliyi”, “Şifahi xalq ədəbiyyatı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “XIX əsr Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”, “Rus ədəbiyyatı və ədəbi tənqid”, “Rus dilçiliyi”, “Dünya ədəbiyyatı” akademik məktəbləri yaranıb. Bu elmi-pedaqoji məktəblər Filologiya fakültəsinin BDU-nun 105 illik fəaliyyəti boyu əldə etdiyi ən böyük nailiyyət, gələcək nəsillərə qoya biləcəyi ən zəngin irsdir. Həmin akademik məktəblərin yaradıcıları və əsas nümayəndələrinin elmi-pedaqoji fəaliyyəti onların davamçıları üçün örnək olub, neçə-neçə gənc alimin həyat yoluna işıq tutub.
BDU-da həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətlərində yaranmış akademik məktəblər sübut edir ki, Filologiya fakültəsində irs-varislik əlaqələri möhkəm təməl üzərində qurulub. Bu isə Filologiya fakültəsinin 105 illik fəaliyyəti ərzində formalaşmış elmi-pedaqoji məktəblərin mövcud ənənələrini gələcəkdə də davam etdirəcəyinə, müasir innovativ çağırışlar kontekstində təkmilləşdirəcəyinə, çağdaş dünyamızın tələblərinə cavab verən yeni-yeni ixtisaslı kadrlar və alimlər nəsli yetişdirəcəyinə və BDU-nun 105 illik yubileyini yeni uğurlarla qarşılayacağına inam yaradır.