“B.Vahabzadənin məktəb şeirlərindən başlayan geniş yaradıcılıq yolu” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “B.Vahabzadənin məktəb şeirlərindən başlayan geniş yaradıcılıq yolu” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı kafedraya dəvət olunan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva geniş məruzə ilə çıxış edib.
BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva seminarın mövzusunun əhəmiyyətinə toxunaraq, Bəxtiyar Vahabzadəni vətən və millət qarşısında öz tarixi vəzifəsini layiqincə yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi təqdim edib və sözü kafedranın qonağı Rəhilə Quliyevaya verib.
Dosent Rəhilə Quliyeva B.Vahabzadənin ədəbi-bədii dilindən, milli, fəlsəfi düşüncəyə əsaslanan poeziyasından söz açıb, Çingiz Aytmatovun B.Vahabzadə haqqında fikrini əsas gətirərək onun möhtəşəm poeziya məbədi ucaltdığını vurğulayıb. Qeyd olunub ki, ədibin elinə, torpağına, kökünə bağlılığı, təkrarsız, fərdi, milli çalarlı şeirləri artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilib
B.Vahabzadəni poeziyamızı dövrün ağır sınaqlarından qoruyub saxlamağı bacaran, istiqlal şair kimi səciyyələndirən məruzəçi ədibin məktəb mövzulu şeirlərinin onun üçün ilk şairlik təcrübəsi – məktəbi olduğunu qeyd edərək, “Əlifba kitabı”, “Məktəb yolları”, “Zəng səsi” və digər əsərlərindən nümunələr səsləndirib. Həmçinin R.Quliyeva həyat hadisələrini özünəməxsus poetik dillə əks etdirməyi bacaran şairi sanballı əsərləri ilə nəinki ölkəmizdə, bütün dünyada geniş oxucu kütləsinin qəlbinə yol tapan və oxucularını düşündürməyə qadir olan qüdrətli sənətkar kimi təqdim edib.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar olunub.