Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii təqdimat
BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudovanın rəhbərliyi və Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs, Fl-160-cı qrup tələbələrinin təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Bir əsrlik söz karvanı” adlı ədəbi-bədii təqdimat keçirilib. Tədbirdə Özbəksitanın Nəvai adına Dövlət Universitetinin bir qrup əməkdaşı, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudova “İfadəli oxu” fənninin tələbələr üçün əhəmiyyətindən, ifadəli oxu bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq belə tədbirlərin keçirilməsinin vacibliyindən, bu aspektdə Bəxtiyar Vahabzadə poeziyasının bənzərsizliyindən və əsərlərinin ifadəli oxu baxımından önəmindən söz açıb.
B.Vahabzadənin ifasında “Vətən” şeirinin səsləndirildiyi videoçarxdan sonra, III kurs, Fl-160-cı qrup tələbəsi Səbinə Mikayılova Xalq şairi B.Vahabzadənin həyat və yaradıcılığı ilə bağlı məlumat verib, şairin həm bədii, həm də elmi fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs açıb. Tələbələrdən Yeganə Həsənova və Flora Muxtarova B.Vahabzadənin yaradıcılığında fəlsəfi mövzuda yazılmış əsərlərdən danışıb, Şəbnəm İslamova şairin “Allah” şeirini səsləndirib. Aytəkin Malızadə böyük şairi bir ziyalı kimi, vətəndaş kimi narahat edən mühüm məsələlərdən birindən - ana dili mövzusundan, şairin ömrü boyu milli dilimizin qorunması və inkişafı üçün fəaliyyətlərindən, yazdığı şeirlərdən danışıb, ardınca qrup nümayəndəsi Mehrəngiz Qurbanovanın ifasında “Mərziyə” poemasından bir hissə - “Ana dilim” şeiri səsləndirilib. Aydan Sultanova B.Vahabzadə yaradıcılığında mühüm yer tutan “Gülüstan poeması” ilə bağlı məlumat verib, Səbinə Mikayılova, Zəhra Həbili, Gözəl Fətullayeva, Elina Həsənova, İlahə Farruxova, Aydan Sultanova və Aytəkin Həbişlinin ifasında “Gülüstan” poemasından bir hissə kompozisiya formasında təqdim olunub.
Cahan Nəcəfova şairin “Bir salama dəymədi?”, Aydan Sultanova “Yaman darıxmışam”, Nurlanə Abuşova “Şəhidlər” şeirlərini səsləndirib, İlahə Səlimova B.Vahabzadənin “Şəhidlər” poeması haqqında məlumat verib. Günel Paşşanlı və Firuzə Nərimanlı B.Vahabzadənin dram əsərləri haqqında çıxış edib, “Fəryad” pyesindən videoçarxlar nümayiş etdiriblər. İlkanə Mustafazdə, Nişanə Atakişiyeva B.Vahabzadə irsinin tədqiqindən söz açıblar. Bədii çıxışlar tələbələrin “Azərbaycan-Türkiyə” mahnısını ifa edilməsiylə yekunlaşıb.
Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva B.Vahabzadə yaradıcılığının bədii-fəlsəfi mükəmməlliyindən danışıb, “İfadəli oxu” fənninin tədrisindən sonra tələbələrin səhnədə çıxış qabiliyyətlərinin xeyli inkişaf etməsini, musiqi duyumunun güclənməsini diqqətə çatdırıb, tədbirlə bağlı təəssüratlarını bölüşüb, fənn müəllimi, dosent Rəna Mahmudovanın və tələbələrin fəaliyyətini yüksək qiymətləndirib.