“Azərbaycanın parlaq dan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Azərbaycanın parlaq Dan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Rəhilə Quliyeva AXC dövründə dil, ədəbiyyat və təhsil məsələlərindən, həmçinin görkəmli ziyalıların ideoloji fəaliyyətindən geniş söz açıb. Bildirib ki, AXC cəmi 23 ay yaşasa da, istiqlalımızın ən şanlı səhifəsini tariximizin və xalqımızın yaddaşına ədəbi həkk edib. Üçrəngli bayrağımız, gerbimiz, himnimiz yaradılıb, milli ordumuz təşkil edilib, ana dilimiz dövlət dili səviyyəsinə yüksəldilib, elm və təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, ölkəmizin qədim ali təhsil ocağı olan, bu il yaradılmasının 105 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti məhz həmin dövrdə təsis edilib.
AXC-nin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 və 140 illik yubileylərinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına diqqət çəkən məruzəçi M.Ə.Rəsulzadə və onun silahdaşlarının milli azadlıq uğrundakı mücadiləsindən danışıb, C.Cabbarlının “Ey dan ulduzu” şeirindəki sətiraltı mənalara aydınlıq gətirib. Eyni zamanda R.Quliyeva M.Ə.Rəsulzadənin Süleyman Təkinərlə yaxın dostluğundan, ona ünvanladığı məktubların, həmçinin S.Təkinərin böyük dövlət adamın dəfnində söylədiyi alovlu nitqin məzmunundan, S.Təkinərin qızı Leyla-Firəngiz Deqlerin “Atamın son arzusu yerinə yetdi” adlı xatirəsindən bəhs edib, M.Ə.Rəsulzadənin milli-ideoloji düşüncənin formalaşması, azadlıq ideyalarının təbliği yönündə qələmə aldığı əsərlərin bu gün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə başa çatıb.