“Azərbaycanın milli kimliyinin formalaşmasında Şuşa maarifçilik məktəbinin rolu” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Azərbaycanın milli kimliyinin formalaşmasında Şuşa maarifçilik məktəbinin rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in, “Dədə Qorqud” ETL-in, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriyanın elmi işçisi Samirə Məmmədova seminar mövzusunun əhəmiyyətindən söz açaraq, Azərbaycanın milli kimliyinin formalaşmasında Şuşa maarifçilik məktəbinin rolunun araşdırılmasının müasir mərhələdə böyük aktuallıq kəsb etdiyini iştirakçıların nəzərinə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova Azərbaycanın milli kimliyinin formalaşmasında Şuşa maarifçilik məktəbinin rolu barədə ətraflı çıxış edərək, müfəssəl məlumat verib. Məruzədə XIX yüzilin ortalarından yaranmağa başlayan və yetərincə ardıcıllarını yetişdirə bilən Azərbaycanın milli məfkurəsinə söykənən “maariçilik məktəbi”nin qollarının artıq bölgələrdə də formalaşmağa başlamasından və bu qollardan birini təşkil edən Şuşa maarifçilk məktəbinin aparıcı simalarından olan M.M.Nəvvab, N.Vəzirov, F.Köçərli, S.Vəlibəyov, Ə.Ağayev (Ağaoğlu), F.Ağazadə, Ü.Hacıbəyli və s. öz fəaliyyətlərini, bütün güc və bacarıqlarını pedaqoji mühitin inkişafı üçün sərf etməklə gənc nəslin səxsiyyət kimi yetişməsində və onların milli kimliyinin formalaşmasında önəmli rollarından bəhs edib.
Şuşa maarifçiləri xalqda milli kimliyin təsdiqi üçün milli əqidənin formalaşmasını əsas götürürdüklərini, tarixin müxtəlif dönəmlərində təhsilin gah ərəb, gah fars, gah da rus dillərində olması, eyni zamanda əzbərçilik metodunun tətbiq edilməsi xalqın düşünmə qabilyyətinin məhv edilməsinə, onların dərketmə qabiliyyətlərinin iflic edilməsinə yönəlmiş məqsədli, siyasi addım olmasını qeyd edərək, dini-mənəvi dəyərimiz olan “Quran”ın öyrədilməsində savadsız “molla”ların təhkim edildiyi “dini-təhsil” müəsisələrində məhz bu üsuldan-əzbərçilik metodundan istifadə etməklə, həyat bilgisi verən, mənəvi təmizlik üçün doğru yol göstərən, ali hisslərin, ali duyğuların mənbəyi, bütün elmlərin açarı olan bu müqəddəs “Kitab”ın təfsirini və tərcüməsini vermədən insanları bu müqəddəs işıqdan məhrum etdiklərini diqqətə çatdırdı. Milli kimliyin formalaşmasının əsas meyarlarından biri və ən ümdəsi dil məsələsi olmasını,. məktəblərdə təhsilin Azərbaycan dilində olması və başqa dillərin əcnəbi dil kimi öyrədilməsi uğrunda mübarizə aparan maarifçilərimizdən Firudin bəy Köçərlinin xidmətləri haqqında geniş məlumat verib. Maarifçilik ideyalarının təbliğində özünü fəda etmiş, dilimizin təmizliyi uğrunda daim mübarizə aparmış görkəmli alim, əvəzsiz pedaqoq, milli ruhumuzun tərcümanı olan Firudin bəy Köçərli məktəblərimizdə tədrisin Azərbaycan dilində olmasını, rus dilinin əcnəbi dil kimi öyrədilməsinin, hətta ölkəmizdə yaşayan rusların da məcburi formada Azərbaycan dilini bilmələrini milli kimliyimizin təsdiqi üçün əsas şərtlərdən biri kimi dəyərləndirməsindən söz açıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Çıxışlar zamanı “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi, fil.f.d., Samirə Məmmədova, dəvət olunanlardan “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Gülarə Şirinova və başqaları məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.