“Azərbaycandakı rus şivələrində sifət” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasında “Azərbaycandakı rus şivələrində sifət” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedra müdiri dosent Elvira Heydərova, əməkdaşları – professor Sevinc Məhərrəmova, baş müəllim Firavan Məmmədbəyli, baş müəllim Nailə Zeynalova, baş müəllim Nazim Xıdırov və fəxri qonaq qismində professor Lalə Quliyeva iştirak ediblər.
Seminarda çıxış edən dosent Elvira Heydərova təqdim olunan mövzunun aktuallığını qeyd edib. Bunu təkcə Azərbaycanda deyil, həm də Rusiya, Belarusiyada nəşr olunan və Azərbaycandakı rus şivələrinin tədqiqat nəticələrinə istinad edən çoxsaylı əsərlər sübut edir. Məruzəçi qeyd edib ki, 2025-ci ildə “Azərbaycandakı rus şivələrinin lüğəti” nəşrinin 20 ili tamam olur. Azərbaycan ərazisində rus kəndlərinin və şivə daşıyıcılarının sayının kəskin azaldığını nəzərə alsaq, lüğətin vaxtında dərc olunduğunu bildirə bilərik.
Kafedraya 34 il rəhbərlik etmiş professor Lalə Quliyeva lüğətin nəşrinin vacibliyini qeyd edib və kartotekanın hazırlanmasında fəal iştirakına görə bütün kafedra üzvlərinə öz təşəkkürünü bildirib.
Sonra dosent E.Heydərova rus şivələrində işlənən sifətlərin xüsusiyyətlərindən danışıb. O, müəyyən edilmiş sözləri 7 qrupa bölüb və onların təsvirini verib. Tədqiqatın məqsədlərindən biri də Azərbaycan dilindən götürülmüş sözlərin öyrənilməsi olub. Şivələrin lüğət tərkibinin təhlili nəticəsində sifətlərlə ifadə olunan 190-dan çox forması müəyyən edilib, onlardan 30-u Azərbaycan sözlərindən yaranan sifətlərdir.
Sonra kafedranın əməkdaşları elmi seminarın mövzusu barədə öz fikirlərini bildiriblər. Elmi seminar müzakirələrlə yekunlaşıb.