“Azərbaycanda siyasi diskurs” mövzusunda elmi seminar
Aprelin 4-də Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə “Azərbaycanda siyasi diskurs” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev diskurs haqqında ümumi məlumat verib, bu sahə üzrə dünyanın tanınmış alimlərinin tədqiqatları barədə xülasə təqdim edib. Məruzədə T.Van Deyk, Jak Lakan, T.Nikolayeva, Y.Şeyqal, F.de-Sössür, J.Blommart və başqalarının diskurs, eləcə də siyasi diskursla bağlı fikirləri müqayisə edilib, Avropa dilçiliyində bu məsələyə baxış təhlil olunub. F.Şiriyev Azərbaycan dilçiliyində siyasi diskursun tarixinin 1501-ci ildən sonra Ş.İ.Xətainin verdiyi dövlət fərmanları ilə başlandığını vurğulayıb, XX əsrin əvvəllərində isə artıq yüksək səviyyəyə çatdığını nümunələrlə şərh edib. Müəllif Ulu öndər Heydər Əliyevin 1969-cu ildə BDU-nun 50 illik yubileyindəki çıxışından bir hissəni səsləndirərək siyasi diskursun həmin dövrdən sonra yeni mərhələyə daxil olduğunu bildirib, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər günü ilə əlaqədar keçirilən tədbirdəki unudulmaz çıxışını son dövrlərin mükəmməl siyasi diskurs nümunələrindən biri kimi səciyyələndirib.
Həmçinin məruzədə müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Vətən müharibəsi günlərində xalqa müraciətlərinin diskursiv keyfiyyətlərindən danışılıb, onların linqvistik təhlili aparılıb. Məruzənin maraqlı və effektli olmasını şərtləndirən amillərdən biri də mühüm faktları özündə əks etdirən 50-yə yaxın slaydın nümayişi olub.
Sonra F.Şiriyev müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.