AZƏRBAYCAN TÜRKOLOGİYASININ BAYRAQDARI – BƏKİR ÇOBANZADƏ
Alim bir dəqiqə belə xəyal qurmaqdan məhrum olsa, millətə xidmət etməkdən geri qalar.
B.Çobanzadə
2023-cü il may ayının 15-də görkəmli türkoloq alim, şair və ictimai xadim, professor Bəkir Vahab oğlu Çobanzadənin (1893-1937) anadan olmasının 130 ili tamam olur.
Bakı Dövlət Universitetində filologiya üzrə milli kadrların hazırlanmasında müstəsna xidmətləri olan professor Bəkir Çobanzadə 1920-ci illərdə ümumi dilçilik və türkologiya istiqamətlərində tədqiqatlar apararaq, Azərbaycanda dilçilik elminin, o cümlədən Azərbaycan türkologiyasının yeni inkişaf mərhələsinin təməlini qoymuşdur.
26 yaşında Şərqdə ilk elmlər doktoru (1920) və professor (1922) elmi adlarını qazanan, 1920-ci illərin əvvəllərində Bakıya dəvət olunan B.Çobanzadə 1924-cü ildən BDU-da fəaliyyət göstərməyə başlamış, kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik olan, bir çox Avropa və Şərq dillərini, o cümlədən türk dillərinin bütün ləhcə və şivələrini mükəmməl bilən B.Çobanzadə türkologiya, dil tarixi və ümumi dilçiliyin tədqiqi və tədrisində misilsiz xidmətlər göstərmişdir. Türk dünyasının dahiləri - M.Kaşğarlı, Ə.Nəvai və Mirzə Kazımbəydən sonra türk dili və ədəbiyyatı sahəsində ən tanınmış şəxsiyyətlərdən biri hesab olunan Bəkir Çobanzadə Azərbaycanda akademik dilçilik məktəbinin əsasını qoymuşdur.
B.Çobanzadə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından biri olmuş, elmi-pedaqoji fəaliyyəti dövründə yazdığı 150 əsərdən 100-nü Azərbaycan dili və ədəbiyyatının müxtəlif problemlərinə həsr etmişdir. “Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar dialektolojisi”, “Türk qrameri”, “Krım-tatar elmi-sərfi” və s. kitabların, eləcə də yüzlərlə elmi və elmi-publisistik məqalənin müəllifi olan alim 1937-ci ildə bir sıra görkəmli ziyalılarımız kimi, əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs olunmuş, bununla da, onun həyata keçirdiyi işlər yarımçıq qalmışdır. Azərbaycan filologiyasının M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı, Ə.Dəmirçizadə, F.Qasımzadə, M.Hüseynzadə, M.C.Cəfərov kimi görkəmli nümayəndələri B.Çobanzadənin yetirmələri olmuşdur.
Mübaliğəsiz demək olar ki, 1950-ci illərdən başlayaraq, Azərbaycan dilçiliyinin müxtəlif istiqamətləri üzrə fundamental əsərlər yazan dilçilərin fikir ustadı məhz B.Çobanzadə olmuşdur. A.Qurbanov qeyd edir ki, “B.Çobanzadənin araşdırmaları, kitabları tələbələrinin stollarının üstündə görünməsə də, bizim onlardan əxz etdiklərimiz nəticəsində yeni nəslin qəlbinə girmiş, orada isti məhəbbət yuvası qurmuşdur”.
1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərindən başlayaraq, B.Çobanzadənin elmi-pedaqoji ənənələrinin davam etdirilməsi nəticəsində BDU-da bu gün də uğurla fəaliyyət göstərən “Ümumi dilçilik və türkologiya” akademik məktəbi formalaşmışdır. Ə.Dəmirçizadə, M.Hüseynzadə, M.Şirəliyev, T.Hacıyev, Y.Seyidov və başqa görkəmli dilçilərin Azərbaycan ədəbi dilinin müxtəlif problemləri ilə bağlı sanballı tədqiqatlarının fikir qaynağı B.Çobanzadənin elmi yaradıcılığıdır.
Türk dünyasında, o cümlədən Azərbaycanda alimin həyatı və yaradıcılığına dair çoxsaylı tədqiqatlar aparılmış, haqqında kitablar və məqalələr yazılmış, filmlər çəkilmişdir.
Görkəmli türkoloqun xatirəsinə daim böyük ehtiram göstərən Bakı Dövlət Universitetində B.Çobanzadənin yubileylərinə həsr olunmuş elmi konfranslar və seminarlar təşkil olunur, irsi haqqında araşdırmalar aparılır, yaradıcılığı ilə bağlı magistrant və doktorantlara dissertasiya mövzuları verilir, alimin adını daşıyan auditoriyada dərslər və müxtəlif tədbirlər keçirilir.
Pərvin Eyvazov
Bakı Dövlət Universiteti
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi