İrəvan gimnaziyasına həsr olunmuş elmi seminar
Aprelin 29-da BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə “İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova elmi seminarın mövzusunun aktuallığından bəhs edərək, İrəvan gimnaziyasının Azərbaycan milli maarifçilik mühitinin formalaşmasındakı rolundan danışıb.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban XIX-XX əsrlərdə İrəvan ictimai-siyasi, ədəbi-mədəni mühiti fonunda İrəvan gimnaziyasının rolundan bəhs edib: “İrəvan şəhərində olduqca zəngin ədəbi mühit formalaşmışdır. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə əsasən müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırdılar. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dinləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı”. Məruzəçi həmin dövrün ictimai-siyasi hadisələrinin bədii yaradıcılıqda əks-sədasından, elm, mədəniyyət, məktəbdarlıq sahəsində yaradıcı ziyalıların mütərəqqi fəaliyyətlərinin əsas istiqamətlərindən, xüsusilə İrəvan gimnaziyasının rolundan danışıb.
1800-1920-ci illər arasında baş vermiş ictimai-siyasi hadisələrin törətdiyi fəsadları, bunların yaratdığı ümumi nəticələri, ermənilərin Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixi memarlıq abidələrinə vurduğu amansız zərbələri təkzibolunmaz faktlar əsasında qaynaqlarla araşdırmaya cəlb etmək, milli münasibətlərin kəskinləşməsində mühüm səbəbləri üzə çıxarmaq, mühitin üzləşdiyi problemlərin yaratdığı sosial-iqtisadi və mənəvi çətinlikləri xarakterizə etmək də seminarın mövzusunun qayəsini təşkil edib. Seminarda gimnaziyanın məzunlarından da söz açılıb.
Sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları məruzəçiyə suallar ünvanlayıb, çıxışla bağlı fikirlərini bölüşüblər.