“Azərbaycan orfoqrafiyasının tarixi” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Azərbaycan orfoqrafiyasının tarixi” mövzusunda elmi seminar keçirilib. Giriş sözü ilə çıxış edən kafedra müdiri, professor İlhamə Həbib qızı Hacıyeva qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Dilinin Orfoqrafiya Qaydaları” əsasında 29 illk fasilədən sonra latın qrafikalı əlifba ilə hazırlanmış ilk orfoqrafiya lüğəti çap olunur. Lüğətə əvvəlki nəşrdə olmayan 22 minə yaxın söz də daxil edilmişdir və sayı 80 minə çatdırılmışdır. Növbəti – sayca altıncı orfoqrafiya lüğəti 2013-cü ildə çap olunmuşdur. (110 min 563 söz) 2013-cü ildəki 6-cı nəşr legitim sayıla bilməz. 40 minə qədər qondarma sözün daxil ediliyi deyilən lüğət həm də qanunvericiliyə zidd olaraq orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən nəşr edilib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Xanımana Fətəli qızı Manaflı qeyd edib ki, orfoqrafiya dil vahidlərinin düzgün yazılışını təmin edən qaydalar sistemidir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur və hamı üçün məcburi qaydalardır. Sözlərin düzgün yazılışı orfoqrafiya lüğətlərində olur. Məruzədə bildirilib ki, orfoqrafiya lüğəti ədəbi dildə işlənən sözlərin düzgün yazılış formalarını özündə əks etdirən və peşəsindən, vəzifəsindən asılı olmayaraq, həmin dilin daşıyıcısı olan hər bir kəsin, cəmiyyətin hər bir üzvünün, bütün vətəndaşların istifadəsi üçün zəruri olan dəyərli və mötəbər qaynaqdır. Məlumdur ki, XIX əsrin ortalarından (Mirzə Fətəli Axundzadədən) başlayan bir sıra əhəmiyyətli cəhdləri nəzərə almasaq, Azərbaycan dilinin orfoqrafiya qaydalarının (və sözlüyünün) tərtibi zərurəti keçən əsrin 20-ci illərində Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının nəticəsində meydana çıxmışdır. Azərbaycanda ilk orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.