“Azərbaycan folklorunun inkişaf problemləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Azərbaycan folklorunun inkişaf problemləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda “Dədə Qorqud” və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından söz açıb. Qeyd edib ki, elmi seminarlar artıq ikinci ildir ki, əməkdaşlarımız tərəfindən keçirilir. Bugünkü iclas cari tədris ilinin son elmi seminarıdır və “Azərbaycan folklorunun inkişaf problemləri”nə həsr olunub. Azərbaycan folklorunun inkişaf tarixi daima tədqiqatçılarımızın marağına səbəb olub. Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə – XVI–XVIII yüzilliklərdə şifahi xalq yaradıcılığı xüsusilə geniş inkişaf etmiş qüdrətli sənətkarlar ərsəyə gəlib. Bu dövr folklorşünas tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılıb. Müasir dövrümüzdə də bu ənənəvi tədqiqat işləri uğurla davam etdirilir.
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev bildirib ki, folkloru yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr olunmuş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Azərbaycanda, folklorla bağlı tədqiqatların aparılmasına başlanmasının, təxminən, yüz əlli ilə yaxın bir tarixi vardır. Daha dəqiq desək, cüng, salnamə, səyahətnamə, qədim yazılı abidələr, lüğətlərdə yer alan folklor örnəkləri, bəzən onlar haqqında verilən məhdud məlumatlar nəzərə alınmazsa, xalq yaradıcılığı ilə bağlı tədqiqatlar on doqquzuncu yüzilin sonlarından aparılmağa başlanıb. Bununla belə, uzun illər folklorşünaslıq ayrıca təhlil obyektinə çevrilməyib, yəni təxminən iyirminci əsrin ortalarına qədər ədəbiyyat tarixi ilə bağlı yazılan tədqiqatların tərkibinə daxil edilib. Hətta sovet hakimiyyətinin tərkibində olarkən folklorumuzun araşdırılmasına ciddi məhdudiyyətlər qoyulub. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev Bakı Dövlət Universitetində ilk dəfə doğma dildə danışmaqla Azərbaycan xalqının milli-mənəvi dəyələri və mənsubiyyəti haqqında böyük mesaj verib. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə folklorşünaslıq sahəsində dünya miqyaslı işlər görülüb və sanballı tədqiqatlar aparılıb. Milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması məsələsi bu gün Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarətindədir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.