“Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçirilib
Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrindən tanınmış elm adamları, dilçi və ədəbiyyatşünas alimlər, gənc tədqiqatçılar iştirak ediblər.
Plenar iclası giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ulu öndər Heydər Əliyevin millət və dövlət quruculuğu sahəsində həyata keçirdiyi misilsiz addımlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib, ədəbiyyat və mədəniyyət xadimləri yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Hazırda Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağda ədəbi-mədəni mühitin yenidən dirçəldilməsi, o cümlədən yeni dünya düzənində ölkəmizin beynəxalq nüfuzunun daha da gücləndirilməsi yönündə mühüm addımlar atır.
Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə hesabat xarakterli çıxışında bildirib ki, konfransa respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrindən çox sayda iştirakçı məqalə ilə müraciət edib və onlardan 150 nəfərə yaxın müəllifin məqaləsi təşkilat komitəsi tərəfindən qəbul edilib. M.Əlizadə konfransa təqdim olunmuş mövzular və onların istiqamətləri, həmçinin təmsil olunan müəssisələr haqqında məlumat verib, iştirakçılar içərisində gənc tədqiqatçıların, xüsusilə doktorant, magistrant və tələbələrin aktivliyini, həmçinin bölmə iclaslarının keçirilməsi ilə bağlı məlumatları auditoriyanın diqqətinə çatdırıb.
Konfransın plenar iclasında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova “Ulu Öndər - xoş gələcəyə hesablanmış addımlar”, professor Nübar Muxtarova “Azərbaycanın vətənpərvərlik rəmzi olan Ümummilli Lider Heydər Əliyev mənim həyatımda şərəfli yer tutur”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Əməkdar müəllim Bilal Həsənli “Ulu Öndər Heydər Əliyevin məqsədyönlü milli ədəbiyyatın inkişafı siyasəti”, BDU-nun Filologiya fakültəsinin tələbəsi Vüsalə Rizvanova “Dil və liderlik: Heydər Əliyevin ifadə estetikası” adlı məruzələrlə çıxış ediblər.
Konfrans öz işini üç istiqamət üzrə səkkiz bölmədə davam edib.