“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib
Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransın plenar iclasında respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrindən tanınmış elm adamları, dilçi və ədəbiyyatşünas alimlər, gənc tədqiqatçılar iştirak ediblər.
Plenar iclası giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ulu öndər Heydər Əliyevin millət və dövlət quruculuğu sahəsində həyata keçirdiyi misilsiz addımlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib, ədəbiyyat və mədəniyyət xadimləri yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Hazırda Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağda ədəbi-mədəni mühitin yenidən dirçəldilməsi yönündə mühüm addımlar atır, rəhbərliyi ilə 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə türk dünyasının, 2024-cü ildə isə islam dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Şuşada tarixi önəm daşıyan tədbirlər həyata keçirilir.
“Azərbaycanda türkologiyanın inkişafı Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış edən BDU-nun Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizin türkoloji düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsindən, bu müddətdə aparılan mühüm türkoloji tədqiqatlardan və müasir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmləndirilməsi yönündə atdığı tarixi addımların türkologiyanın inkişafına təsirindən bəhs olunub. Məruzəçi qeyd edib ki, böyük tarixi zəfərdən sonra respublikamızın türk dünyasında nüfuzunun daha da güclənməsi və bu coğrafiyada əsas söz sahiblərindən birinə çevrilməsi, cənab İlham Əliyevin mühüm beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ərazilərində yaşayan türk xalqlarının hüquqlarının və maddi-mədəni irsinin qorunması yönündəki çağırışları türkoloji araşdırmaların məzmunca yeniləşməsinə və aktual məsələlərin tədqiqinə geniş imkanlar yaradıb.
Həmçinin plenar iclasda Sona Məmmədovanın “Misralara sığmayan lider - Heydər Əliyev”, Nurçin Bəşirlinin “Heydər Əliyev və Azərbaycan dili” və Zəhra Hüseynovanın “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı” adlı məruzələri dinlənilib.
Konfrans öz işini üç bölmədə davam etdirib. Dosent Rəhilə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazovun sədrliyi ilə “Dilçilik”, dosent Məti Bayramlı və İlahə Səfərzadənin sədirliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində yüzə yaxın elmi məruzə dinlənilib.