Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş onlayn elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 01 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş onlayn elmi seminar keçirilib. Elmi seminarda “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçiləri: Ramil Bayramov “Azərbaycan əlifbası dünən və bu gün” və Pərvin Eyvazov “Azərbaycanda dil quruculuğu” adlı məruzələrlə çıxış ediblər.
Öncə Azərbaycan əlifbası tarixindən bəhs olunan videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək, dövlət dilinin saflığının qorunması istiqamətində görülən işlərdən söz açıb, məruzəçilərə uğurlar arzulayıb.
Sonra söz məruzəçilərə verilib. R.Bayramov Azərbaycan əlifbasının keşməkeşli tarixindən, bu uğurda mübarizə aparmış görkəmli ziyalıların fəaliyyətlərindən, P.Eyvazov isə Azərbaycan dilinin çoxəsrlik regional mövqeyindən, dövlətçilik tarixindəki yerindən və müasir dövrdə ölkəmizdə həyata keçirilən dil quruculuğundan bəhs edib.
Məruzələr bitdikdən sonra onlayn seminarın moderatoru Gülnar Axundova iştirakçıların suallarını məruzəçilərə çatdırıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli və başqaları məruzələrə münasibətlərini bildirib, bəzi məsələlərlə bağlı öz görüşlərini ifadə ediblər. Onlayn seminar qarşılıqlı müzakirələrlə yekunlaşıb.