Azərbaycan ədəbiyyatı tarixi kafedrasında elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında “Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki və taleyindəki rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor əvəzi Ülkər Nəbiyeva, Filologiya fakültəsinin magistrantları və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları iştirak ediblər.
Kafedranın professoru Yeganə İsmayılova “Türkçülüyün tarixinə möhtəşəm töhfə və ya I Türkoloji qurultay: şahidlər və şəhidlər” adlı məruzəsində böyük alim, yorulmaz tədqiqatçı “ədəbiyyatın Qulam Məmmədlisi” (İsa Həbibbəyli) Cəlal Qasımovun adıçəkilən əsərinin müzakirəsini vəfatının ildönümü ərəfəsində onun ruhuna töhfə kimi qiymətləndirib. Kitabda Türkçülüyə və Turançılığa dair yüzlərlə ədəbiyyatdan, arxiv və internet materiallarından mənbə kimi istifadə edildiyi, eyni zamanda, Cəlal Qasımovun qurultaya qədər olan hazırlıq prosesi, qurultayda qoyulan başlıca məsələlər haqqında da məlumat verildiyi vurğulanıb.
Daha sonra fakültənin “Ədəbiyyatşünaslıq” ixtisaslaşması üzrə I kurs magistrantları Səbinə Xəlilova, Nahidə Məmmədova, Aytac Şükürova, Cansel Hacıyeva, Arzu Yusifova, Nəzrin Mirzəli, Kamil Əliyev Salman Mümtaz, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Sultan Məcid Qənizadə, Hüseyn Cavid və qurultayın yeganə qadın nümayəndəsi Ayna Sultanova haqqında maraqlı məruzələr edib, qırmızı terror hərəkatının qurbanlarını hörmətlə anıblar.
Çıxışlar bitdikdən sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzələrlə bağlı təəssüratlarını bölüşüblər.