Q.N.Potaninin yaradıcılığına həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasında “Q.N.Potaninin “Orta əsr Avropa eposunda Şərq motivləri” əsəri və onun Azərbaycan dilinə tərcüməsinin aktuallığı və bəzi problemləri” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı laboratoriyanın böyük elmi işçisi, dosent Lalə Əfəndiyeva məruzə edərək, əsər və onun müəllifi haqqında ətraflı məlumat verib, problemin aktuallığını əsaslandırıb. Qeyd olunub ki, rus etnoqrafı, tarixçisi və şərqşünası kimi tanınmış Q.N.Potanin XIX əsrdə folklorşünaslıqda mühüm yer tutan mənimsəmə nəzəriyyəsinin nümayəndələrindən biri olub. O, elmi fəaliyyətində Şərq mövzusuna, Şərq ədəbiyyatı və mədəniyyətinin Avropa mədəniyyətinə təsiri məsələsinə geniş yer ayırıb, xüsusən Şərq və Qərb, keçmiş və gələcək arasında üzvi əlaqə tapmaq və bu əlaqənin mahiyyətini dərk etmək istiqamətində araşdırmalar aparıb. Tədqiqatçı Şərq və Qərb ədəbiyyatlarının oxşar süjetlərini əks etdirən materialları toplamaqla müxtəlif xalqların ədəbiyyatını bir-birinə yaxınlaşdırmaq məqsədi güdüb. Bu baxımdan onun “Orta əsr Avropa eposunda Şərq motivləri” adlı monumental əsəri həmin gərgin araşdırmaların nəticəsi kimi ortaya çıxıb. Potaninin fikrincə, bütün rus nağıl və eposları şərq mənşəlidir.
Məruzəçi yuxarıda deyilənlərə əsaslanaraq, Q.N.Potaninin “Orta əsr Avropa eposunda Şərq motivləri” əsərinin Azərbaycan dilinə tərcümə problemlərindən də söz açıb. Eyni zamanda, əsərin tərcüməsi ilə bağlı bir sıra elmi və texniki nöqsanları da diqqətə çatdırıb.
Sonra seminar iştirakçıları məruzəçiyə suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.